“Volvo” - 11 ayda 634 257 satılmış avtomobil

İQTİSADİYYAT
12:30 / 13.12.2021
1260

“Volvo Cars” 2021-ci ilin ilk 11 ayı ərzində satışlarını 8,8 faiz artıraraq 634 257 avtomobilə çatdığını bildirdi. Şirkət noyabrda 52,793 pərakəndə çatdırılma qeydə alıb ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 20,7 faiz azalma deməkdir. Nəticəyə davamlı tədarük çatışmazlığı əhəmiyyətli dərəcədə təsir etdi, bu da istehsala və bunun nəticəsində müştərilərə çatdırılmaya təsirsiz ötüşmədi.
 
Noyabr ayında yeni tam elektrik “C40 Recharge” modelinin pərakəndə satışına başlanıldı və Avropada noyabr ayında satılan bütün yeni “Volvo” avtomobillərinin yarısından çoxu Recharge modelləri idi.
 
Bu il indiyədək şirkətin qlobal satışlarının 25 faizindən çoxu “Recharge” modellərindən ibarətdir. Avropada bu faiz 40 faizdən çox, ABŞ-da isə 20 faizə yaxındır. Qlobal miqyasda “Recharge” avtomobillərinin satışı 2021-ci ilin əvvəlindən 2020-ci ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox artıb.
 
ABŞ-da şirkət bu il indiyədək 111 733 avtomobil satıb ki, bu da 2020-ci ilin ilk 11 ayı ilə müqayisədə 16,5 faiz artım deməkdir. Noyabrda “Volvo Cars” ABŞ-da 7667 avtomobil satıb.
 
İlk 11 ayda Çində satışlar 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 157 034 avtomobil təşkil edib. Noyabr ayı ərzində “Volvo Cars” Çində 13 418 avtomobil satıb.

Şirkətin “Recharge” avtomobillərinə güclü tələbat satış performansını dəstəklədiyi üçün Avropada bu günə qədər satışlar 4,0 faiz artaraq 264 910 avtomobilə çatıb. Noyabrda şirkət regionda 22 415 avtomobil satıb.

Şirkətin Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, ölkəmizdə də ilin ilk 11 ayı ərzində həyata keçirilən satışlar keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.1 faiz artmışdır. “Nəzərə alsaq ki, gələn ildən etibarən, ölkəyə idxal olunan elektrikli və plug-in hibrid avtomobillərinə vergi siyasətində xüsusi güzəştlər olacaq, 2022-ci ilin müvafiq dövrü üzrə satış rəqəmlərinin hazırki göstəricilərdən dəfələrlə artıq olacağını proqnozlaşdırmaq çətin deyil” – deyə şirkət nümayəndəsi bildirmişdir. 

Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda yeganə rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.  
 

0