Dükanların saxta endirim kampaniyaları - Onlara inanmaq olarmı?

21:33 / 05.02.2024
327

50-60 və bəzən də 70-80 faiz civarında təklif olunan endirimlər əvvəlki fəsil geyim mallarına şamil edilir. Buna görə də alıcılar mövcud kampaniyalardan öz büdcələrinə uyğun şəkildə yararlanmağa çalışırlar. 

Bu zaman maraqlı bir sual meydana çıxır ki, mallar həqiqətən də, qeyd edildiyi kimi ucuz satılır?

Ancaq aparılan araşdırmalar nəticəsində sonradan tamamilə başqa mənzərə üzə çıxır. Sözügedən kampaniyaların müştəri cəlb etməkdən və onları aldatmaqdan başqa bir şey olmadığı aydın olur. Endirim adı ilə satılan malların qiyməti əvvəl xeyli qaldırılır, sonra isə yenə də öz qiymətindən baha qiymətə satılır. 

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, yalançı endirim kampaniyaları çox geniş yayılıb: 

“70, 80 faiz endirim kampaniyaları və yaxud 0 faizlə kreditlərin, əksəriyyətində aldatma, aldanma baş verir. Qeyd edək ki, bu sahədə Azad İstehlakçılar Birliyinə xeyli sayda müxtəlif cür şikayətlər gəlir. Birincisi, reklam kampaniyasından və yaxud küçədə görülən endirimdən istehlakçı endirimə inanır və dükana girir malı seçir, lakin malı göstərəndən sonra, endirimin həmin mala aid olmadığı deyilir. İkincisi, istehlakçı endirim kampaniyasında olan malı almaq istəyir. Lakin onun ilkin sənədlərinə baxanda  malın üzərində  əvvəlki qiymətin xətt çəkilməklə yazıldığını və sonrakı qiyməti göstərildiyini  görür. Üçüncüsü isə vətəndaş endirim kampaniyasında olan malı alır, onun tələbatını ödəməyəndə o malı 15 gün müddətində dəyişmək və qaytarmaq hüququ var. Bu zaman istehlakçı müraciət etdikdə ona  endirim kampaniyasında aldığı malı dəyişdirə və qaytara bilməyəcəyi deyilir. Həmin bu üç problem ən geniş yayılmış problemdir. Bir sözlə, endirim kampaniyalarının təxminən 60-70 faizi istehlakçının aldadılması ilə müşahidə olunur”.

Sevinc

0