Aydın Hüseynov: “Hökumətin qərarı emal sənayesinin inkişafında mühüm rol oynamaqdadır”

İQTİSADİYYAT
13:45 / 20.02.2024
164

Hökumətin qəbul etdiyi qərarlar və atdığı təxirəsalınmaz addımlar sayəsində ərzaq təminatı ilə bağlı önləyici və təminedici siyasət olmaqla, mürəkkəb qlobal şəraitdə Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında öz müsbət təsirlərini göstərməkdədir. 

Dövlət yerli istehsalı gücləndirmək və milli istehsal hesabına daxili tələbatı təmin etmək üçün özəl sektora müxtəlif təşviqlər verir, vergi və gömrük güzəştləri tətbiq edir, onların idxal etdiyi xammal və avadanlıqlara stimullar yaradır. 

Məqsəd ölkədə emal sənayesini inkişaf etdirməkdir. 

Bu barədə Hit.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Nazirlər Kabinetinin “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarını şərh edərkən bildirib. 

Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, emal məqəsdilə Azərbaycana gətirilən malların gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan idxalının həyata keçirilməsi emal sənayesinin inkişafına da öz müsbət təsirini göstərməkdədir.

"Xammalların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi yalnız istehsalçı olub, istehsal etdiyi malı ixrac edən şəxslərə şamil olunur. Bu nomenklatura üzrə yerləşdirilən xarici xammallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir. Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, gətirilən xammalların “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatma müddəti iki ildən artıq olmamalıdır. Gömrük orqanı “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur".

Aydın Hüseynovun sözlərinə görə, son illərdə bu sahədə əhəmiyyətli inkişaf meyilləri nəzərə çarpır, milli istehsalın keyfiyyəti yüksəlir. Eləcə də bu siyasətin tərkib hissəsi kimi daxiıli bazarda ehtiyatların dayanıqlılığını təmin etmək üçün minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılması tənzimlənir. Əsas hədəf daxili bazarın qorunması, təminatın sabitliyinin təmin olunmasıdır. Bu cür önləyici tətbirlərin görülməsi ölkəmizdə ən zəruri qida məhsulları ilə bağlı təminatı möhkəmləndirmək-
dədir.

Ümumilikdə son illərdə emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər bu sənaye sahəsinin stimullaşdırılması, yeyinti məhsullarının istehsalının artması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynamaqadadır. 

Sevinc

0