Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanda 4,2 min iş yeri fəaliyyətini dayandırıb.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2,7 min təşkil edirdi. Yəni bu il keçən il müqayisədə bağlanan iş yerlərinin sayının 1,5 min artıb. Toplamda isə son 12 ay ərzində Azərbaycanda 14,5 min iş yeri bağlanıb.
Bəs son aylarda bu qədər iş yerlərinin bağlanmasına səbəb nədir?
Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, iş yerlərinin bağlanması adi və rutin prosesdir:
“Demək olar ki, hər il müəyyən sayda iş yeri bağlanır və müəyyən sayda yenisi açılır. Əsas məsələ iş yerlərinin bağlanması strukturuna diqqət yetirməkdir. Aidiyyəti hökumət və dövlət qurumları regionlarda yeni iş yerlərinin yaradılmasına daha çox önəm verməlidir”.
Ekspertin fikrincə, regionlarda iş yerlərinin bağlanmasının səbəbləri isə daha dərindən araşdırılmalıdır:
“Çünki əsas hədəf regionlarda iş yerlərinin artırılması və əhalinin bölgələrdə yaşayış şəraitinin yaxşılaşdırılması olmalıdır. Bu istiqamətdə müəyyən işlər görülməlidir”.
Günel Cəlilova



