12 900 manatlıq nisyə ət görütdü, dələduzluğa görə cəzalandırıldı

İQTİSADİYYAT
19:19 / 09.06.2026
46

Bakı şəhərində ət məhsullarının alqı-satqısı adı altında baş vermiş 12 900 manatlıq ziyanla bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hit.az xəbər verir ki, ittihama əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsdən iri miqdarda ət məhsulları alaraq onların pulunu ödəməyib və bununla dələduzluq cinayəti törədib.

Məlumata görə, hadisələr 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən heyvan kəsimi məntəqəsində baş verib. Təqsirləndirilən şəxs tanışlıq vasitəsilə həmin obyektə cəlb olunub və ət satışı ilə məşğul olduğu, Bakıda ucuz alıb baha satdığı barədə zərərçəkmiş şəxsə məlumat verərək etibar qazanıb.

İttihamda qeyd olunur ki, o, əvvəlcə götürdüyü ət məhsullarının pulunu vaxtında ödəyərək etibarlı tərəfdaş təsiri yaradıb, daha sonra isə hissə-hissə şəkildə ət götürərək ümumilikdə 12 900 manatlıq məhsulun pulunu ödəməyib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, tərəflər arasında qarşılıqlı ticarət münasibətləri olub. Onun sözlərinə görə, ət məhsullarının bir hissəsi keyfiyyətsiz olub, bəzi hallarda qarşı tərəfə də borclar yaranıb və ümumi hesablamalarda 12 900 manatlıq borc iddiasını qəbul etmir. O, ödənilməmiş məbləğin daha az olduğunu və hissə-hissə ödənişlər etdiyini bildirib.

Zərərçəkmiş şəxs isə ifadəsində təqsirləndirilən şəxsin əvvəlcə etibarlı müştəri kimi fəaliyyət göstərdiyini, lakin sonradan nisyə qaydada götürülən ətlərin pulunu ödəmədiyini qeyd edib. Onun sözlərinə görə, müxtəlif vaxtlarda ümumilikdə 12 900 manatlıq ziyan yaranıb və bu məbləğ qaytarılmayıb.

Digər şahid ifadələrində də tərəflər arasında ət alqı-satqısı münasibətlərinin olduğu, lakin sonradan borcun ödənilməməsi səbəbindən mübahisənin yarandığı göstərilib.

Məhkəmə araşdırmalarının nəticəsinə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilərək onun şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınıb və nəticədə üzərində qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Abbas 

0