Evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
20:59 / 12.08.2026
37

Bakıda mənzil qiymətlərinin 2026-cı ilin sonunadək azalacağı gözlənilmir. Ekspert qiymət artımı tendensiyasının davam edəcəyini bildirir.

HİT.az xəbər verir ki, bunu iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, mənzil bazarında qiymətlərin aşağı düşməsi üçün əsaslar yoxdur.

"Nə qədər xoş olmasa da, demək lazımdır ki, qiymətlər düşməyəcək. Qiymətlər enməyəcək. Çünki bu, iqtisadi faktorlarla, makroiqtisadi göstəricilərlə bağlı bir prosesdir və mənzilin, daşınmaz əmlakın investisiya cazibədarlığı ilə əlaqədardır. İnvestisiya cazibədarlığı istər-istəməz daşınmaz əmlakın qiymətinin daha yüksək olmasına gətirib çıxarır", - V.Oruc bildirib.

Ekspert qeyd edib ki, ilin sonunadək bəzi ərazilərdə qiymət sabitliyi müşahidə oluna bilər, lakin ümumi tendensiya artım istiqamətində olacaq.

"Ümumi tendensiya artım tendensiyası olacaq və hər bir yerdə özünə uyğun tələb və təklif arasındakı nisbətə uyğun olaraq qiymət artımının əraziyə uyğun şəkildə mövcud olması qaçılmazdır. Ümumilikdə, ilin sonuna kimi, yəni 2026-cı ilin ikinci yarısında qiymət artımının davam etməsi mümkündür", - deyə o vurğulayıb.

V.Oruc bildirib ki, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin inşası, abadlıq işlərinin aparılması və nəqliyyat imkanlarının yaxşılaşdırılması kimi infrastruktur dəyişiklikləri həmin ərazilərdə mənzil qiymətlərinə təsir göstərəcək.

"Şəhər üzrə baş verən infrastruktur dəyişiklikləri ərazilərində, yəni nəqliyyat vasitələrinin daha yüksək səviyyədə olduğu ərazilərdə, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin inşa edildiyi, abadlıq işlərinin aparıldığı ərazilərdə və o ərazilərə yaxın yerlərdə qiymət artımı təbiidir, qaçılmazdır", - ekspert deyib.

O, mənzil almaq istəyən şəxslərin məqsədindən asılı olaraq fərqli ərazilərə üstünlük verə biləcəyini qeyd edib:

"Burada iki cür yanaşma var: ucuz evlərin axtarılması və investisiya maraqları baxımından qiymətlərdə daha çox bahalaşmaların gözlənildiyi mənzillərin seçilməsi. Bir də evlərə müştəri kimi, yəni öz yaşayışını təmin etmək üçün yanaşmalar var".

Ekspertin sözlərinə görə, hazırda mərkəzdə köhnə binalar, Nərimanov və Gənclik ərazilərində isə yeni binalar daha məqsədəuyğun hesab oluna bilər.

"Bundan əlavə, inkişafa meyilli rayonlar kimi Sabunçu, Nizami, Binəqədi rayonlarını və gələcək perspektiv üçün planlaşdırılan əraziləri qeyd etmək olar. Eyni zamanda əlaqələndiriləcək və orada iqtisadi güc baxımından daha böyük infrastruktur layihələrinin inşası gözlənilən ərazilər də var", - V.Oruc bildirib.

O həmçinin torpaq və mənzil investisiyasının fərqli xüsusiyyətlərə malik olduğunu vurğulayıb:

"Torpaq uzunmüddətli investisiyadır. Onu bu gün alıb sabah satmaq məqsədinə uyğun deyil. Əgər kimsə uzunmüddətli öz sərbəst sərmayəsinin investisiya olaraq bir yerdə mövcudluğunu qəbul edirsə, torpağa investisiya etməlidir. Yox, illər sonra qoyduğu investisiyanın xeyrini görmək, mənfəətini əldə etmək istəyirsə, mənzil, yəni yaşayış obyektləri almalıdır".

V.Oruc bildirib ki, köhnə binaların mərkəzdə sökülməsi və kompensasiya prosesləri də investisiya baxımından nəzərə alına bilər.

"Yəni, köhnə şəhərlərdə, köhnə tikililərdə, yalnız mərkəz istiqamətində kompensasiya zamanı daha böyük mənfəət əldə olunsun deyə mərkəzdə sökülərək alınması məqsədəuyğundur. Həm yaşayış üçün, həm də investisiya üçün uyğundur", - deyə ekspert əlavə edib.


 

0