Azərbaycanda buğda, un və çörək üçün ƏDV güzəştinin müddətinin başa çatması qiymətlərin gələcək taleyi ilə bağlı suallar yaradıb.
Güzəşt uzadılmasa, 2027-ci ildən istehsal xərclərində dəyişiklik baş verə və bu, ərzaq bazarına təsir göstərə bilər. Vergi güzəşti ləğv edilərsə, çörək və un məmulatları nə qədər bahalaşa bilər və qiymət artımının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda buğda, un və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin 2027-ci il yanvarın 1-dən sonra uzadılmaması ilk növbədə un və çörək istehsalçılarının vergi öhdəliklərinə təsir göstərə bilər:
“Lakin güzəştin başa çatması avtomatik olaraq çörəyin qiymətinin eyni nisbətdə artacağı demək deyil. Bahalaşmanın miqyası tətbiq ediləcək vergi mexanizmindən, istehsalçıların maya dəyərindən, rəqabət mühitindən və sahibkarların əlavə xərcləri öz üzərinə götürmək imkanından asılı olacaq.
ƏDV-nin standart 18 faizlik dərəcəsi tətbiq edilsə belə, bu, çörəyin pərakəndə satış qiymətinin mütləq 18 faiz artacağı anlamına gəlmir. Çünki ƏDV istehsal və satış zəncirinin hər mərhələsində yaranan əlavə dəyər nəzərə alınmaqla hesablanır və müəssisələrin ödədiyi giriş ƏDV-si müvafiq qaydada əvəzləşdirilə bilər. Buna görə də qiymət artımını yalnız vergi dərəcəsinə əsasən hesablamaq düzgün olmaz”.

Onun sözlərinə görə, bunun üçün istehsalçıların mövcud vergi rejimi, xərclərinin strukturu və güzəştin ləğvinin faktiki maliyyə nəticələri araşdırılmalıdır:
“Çörəyin maya dəyərində buğda və unla yanaşı, elektrik enerjisi, qaz, əməkhaqqı, nəqliyyat, qablaşdırma və digər xərclər də mühüm yer tutur. ƏDV güzəştinin başa çatması həmin xərclərin üzərinə əlavə maliyyə yükü gətirərsə, istehsalçılar bunu qiymətlərə yansıtmağa çalışa bilərlər.
Bununla belə, bazarda rəqabət güclüdürsə, sahibkarlar əlavə yükün müəyyən hissəsini öz mənfəətləri hesabına qarşılamağa da məcbur qala bilərlər. Ona görə də güzəştin ləğvi nəticəsində çörəyin neçə faiz bahalaşacağını indidən konkret rəqəmlə söyləmək üçün kifayət qədər əsas yoxdur”.
Ekspert hesab edir ki, təsir yalnız çörəklə məhdudlaşmaya bilər:
“Unun qiymətində artım baş verərsə, makaron, əriştə, unlu qənnadı məhsulları, bulka və digər un məmulatlarının istehsal xərcləri də yüksələ bilər. Bu məhsullarda bahalaşmanın səviyyəsi isə onların tərkibində unun payından, digər xammalın qiymətindən və istehsalçılar arasındakı rəqabətdən asılı olacaq. Əhalinin gündəlik istehlakında çörəyin xüsusi çəkisi nəzərə alınarsa, hətta nisbətən kiçik qiymət artımı da aztəminatlı ailələrin büdcəsinə hiss olunan təsir göstərə bilər.
Bahalaşmanın qarşısını almaq üçün ilk növbədə güzəştin uzadılmasının iqtisadi və sosial nəticələri qiymətləndirilməlidir. Dövlət vergi güzəştinin davam etdirilməsinin büdcəyə təsiri ilə onun ləğvinin əhali üçün yarada biləcəyi əlavə xərcləri müqayisə etməlidir. Güzəştin uzadılması məqsədəuyğun hesab edilməzsə, keçid dövründə istehsalçıların vergi yükünün kəskin artmasının qarşısını alan mexanizmlər nəzərdən keçirilə bilər”.
İqtisadçı diqqətə çatdırıb ki, yerli buğda istehsalının artırılması, taxılın saxlanması və daşınması xərclərinin azaldılması, un dəyirmanlarının və çörək istehsalçılarının səmərəliliyinin yüksəldilməsi vacibdir:
“Rəqabət mühitinə nəzarət gücləndirilməli, süni qiymət artımı və bazarda razılaşdırılmış qiymət davranışları ilə bağlı əsaslı şübhələr araşdırılmalıdır. Lakin qiymətləri inzibati qaydada süni şəkildə aşağı səviyyədə saxlamaq da uzunmüddətli dövrdə istehsalın rentabelliyinə və təklifə mənfi təsir göstərə bilər.
Əsas məsələ ƏDV güzəştinin uzadılıb-uzadılmamasından əlavə, qərarın bazara hansı iqtisadi nəticələrlə təsir edəcəyinin əvvəlcədən hesablanmasıdır. Çörək sosial əhəmiyyətli məhsul olduğuna görə, hökumət həm büdcə gəlirlərini, həm istehsalçıların fəaliyyətini, həm də əhalinin alıcılıq qabiliyyətini nəzərə alan qərar verməlidir.
Güzəştin müddətinin bitməsinə qədər istehsalçılarla məsləhətləşmələrin aparılması və mümkün qiymət dəyişikliklərinin əsaslandırılmış hesablamalarla ictimaiyyətə açıqlanması bazarda əsassız bahalaşma gözləntilərinin də qarşısını ala bilər”.
Sevinc


