Bakıda evlər "od tutub yanır": Kirayəçi sayı kirayə verilən mənzil sayını keçir

İQTİSADİYYAT
23:14 / 12.08.2026
40

Azərbaycanda kirayə mənzil bazarında qiymətlərin artmasının əsas səbəbləri, tələb və təklif balansı, həmçinin söküntü layihələrinin bazara təsiri araşdırılıb.

Əmlak eksperti Ramil Osmanlı “Bakupost”a bildirib ki, kirayə mənzil bazarında qiymətlərin artmasının iqtisadi və inzibati səbəblərlə bağlıdır.

“Kirayə mənzil bazarında qiymətlərin sürətli, davamlı şəkildə artımı bu bazarda baş verən bir sıra iqtisadi və inzibati səbəblərlə bağlıdır.

İqtisadi səbəblər ondan ibarətdir ki, makroiqtisadi dəyişikliklər fonunda istehlak bazarlarında qiymət yüksəlişi, əhalinin gəlirlərinin çoxalması, daşınmaz əmlakın bahalaşması fonunda ümumi iqtisadi artıma adekvat olaraq kirayə mənzil bazarında da qiymətlər qalxır.

Tələb yüksək olaraq qalır, təklif portfeli isə ildən-ilə bir qədər də məhdudlaşır, azalır. Bunun nəticəsində də tələb təklifi üstələyir və qiymətlər qalxır".

R.Osmanlı bildirib ki, inzibati təsirlər isə hökumətin şəhərsalma və infrastruktur layihələrinin icrası ilə bağlıdır:

"Köhnə mənzillər sökülür. Bunlar ucuz kirayələr idi. Yerlərində daha yeni mənzil fondu yaranır. Təbii ki, yeni tikilən binalarda qiymətlər köhnələrlə müqayisədə daha yüksək olur.

İkincisi, bu söküntü nəticəsində həmin binaların sakinləri də yeni binalar hazır olana qədər kirayələrə üz tuturlar. Bəzən 2-3 il kirayədə qalırlar. Məsələn, "Sovetski"nin sökülməsi nəticəsində bazara 2 min yeni kirayə ev axtaran şəxs daxil olur.

Bu hallar müəyyən spekulyativ yanaşmalara yol açır və psixoloji olaraq vəziyyəti dəyişir.

Məsələn, kirayə verən şəxslər baxır ki, birdən-birə evlərə baxanların sayı artdı, tələb çoxalıb, tez qiyməti qaldırırlar.

Bu vəziyyətin aradan qaldırılması və yaxud prosesin idarə olunan formaya gətirilməsi üçün hesab edirəm ki, müəyyən layihələrin icra olunmasına ehtiyac var. Məsələn, Türkiyə təcrübəsinə uyğun, yaxud yerli təcrübənin yaradılması formasında sahibkarları təşviq etmək yolu ilə yeni kampuslar, yeni yataqxana tipli yaşayış fondları yaradıla bilər”.

0