Məhərrəmlik və Səfər aylarının başa çatması ilə Azərbaycanda toy mövsümü başlayıb.
Toyların artması isə ənənəvi olaraq qızıl-zinət əşyalarına tələbatı da canlandırır. Bəs toy mövsümünün başlaması qızılın qiymətinə təsir edibmi və bazarda müşahidə olunan bahalaşma nə qədər davamlı olacaq?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, toyların başlamasının və restoran qiymətlərinin bahalaşmasının qızıl bazarına hər hansı təsiri yoxdur:

“Qızılın satış qiyməti dünya bazarı tərəfindən müəyyən olunur. Qızıl qlobal əmtəədir və necə ki, neftin qiyməti qlobal əmtəə birjalarında müəyyənləşir, qızıl bazarında da vəziyyət eynidir”.
Ekspertin sözlərinə görə, qızılın qiyməti ilin əvvəlindən fevralın sonunadək yüksəlib, daha sonra isə kəskin şəkildə düşüb:
“Müharibənin səngiməsindən sonra qızılın qiymətində yenidən artım müşahidə olunub. Qızılın qiyməti əsasən ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsi siyasətindən, qlobal inflyasiya gözləntilərindən və dünya üzrə mərkəzi bankların qızıl alışlarından asılıdır. Toy mövsümünün başlamasının isə qızılın qiymətinə hər hansı təsiri yoxdur”.
Günel Cəlilova


