Bankların kredit portfelində artımlar müşahidə olunur.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu artımlar təkcə istehlak kreditlərini deyil, həmçinin biznes kreditlərini də əhatə edir.
Deputat bildirib ki, həm biznes, həm də istehlak kreditlərinin faiz dərəcələri çox əhəmiyyətlidir:
“Xüsusən faiz dərəcələrinin aşağı salınması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Faiz dərəcələrinə bir sıra faktorlar təsir göstərir, o cümlədən təbii ki, depozit faizləri. Hələ də depozit faizləri əksər banklarda yüksəkdir. Sığortalanan faizlər 12% təşkil edir. Bu da təbii ki, bankların kredit faizlərinə təsir göstərir”.
V.Bayramov vurğulayıb ki, Mərkəzi Bankın uçot dərəcəsi son dövrlər azalsa da, amma kəskin aşağı düşməyib:
“Bu da sözsüz ki, kredit sektoruna təsir göstərən faktorlardan biridir. Doğrudur, mərkəzləşmiş kredit resursundan istifadə edən bankların sayı çox deyil. Həm də hazırda bankların sərəncamında təxminən 3,8 milyard manatlıq passiv vəsaitlər var ki, onlar əslində kredit kimi yerləşdirilə bilər. Amma kreditə tələbin yüksək olmasına baxmayaraq, risk faktoru səbəbindən həmin vəsaitlərin yerləşdirilməsi müşahidə edilmir. Sözsüz ki, faizlərin endirilməsi prioritetdir, amma bu, inzibati yolla deyil, birbaşa bazarın, xüsusən tələb-təklifin müəyyənləşdirdiyi mexanizmlər əsasında baş verməlidir”.


