Mənzil qiymətləri bahalaşmağa davam edəcək?

İQTİSADİYYAT
12:23 / 26.08.2026
207

Mənzil qiymətlərinin əhalinin gəlirlərini üstələməsi bir çox ölkədə ev sahibi olmağı çətinləşdirir. 

Azərbaycan da bu baxımdan diqqətçəkən ölkələr sırasındadır. Qiymət-gəlir nisbətinə görə Azərbaycan 17,6 göstərici ilə 19-cu yerdə qərarlaşıb. Müqayisə üçün, İranda bu rəqəm 16, Ermənistanda 15,4, Gürcüstanda isə 12,2-dir. Bu isə Azərbaycanda mənzil almağın qonşu ölkələrin bir hissəsi ilə müqayisədə daha baha başa gəldiyini göstərir.

Problemin əsas səbəblərindən biri mənzil qiymətlərinin gəlirlərin artımından daha sürətlə yüksəlməsi göstərilir. Paytaxtda yüksək tələbat, torpaq və tikinti xərcləri də qiymətlərin formalaşmasına təsir edir.

Bəs qiymətlər bu templə artarsa, gələcəkdə Azərbaycanda  ev almaq mümkün olacaqmı? 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Hit.az-a açıqlamasında deyib ki, dünya üzrə mənzil əlçatanlığı ilə bağlı müxtəlif metodologiyalar və hesablamalar mövcuddur: 

408053

“Buna görə də bu istiqamətdə təqdim olunan rəqəmlərin mütləq və dəyişməz göstəricilər kimi qəbul edilməsi doğru olmaz. Lakin bir məqam aydındır. Azərbaycanda mövcud gəlirlər fonunda mənzil əldə etmək imkanları əhali üçün kifayət qədər məhduddur. 

Mənzil qiymətlərinin gəlirlərlə müqayisədə yüksək olması problemin əsas göstəricilərindən biridir. Əgər bir mənzilin kirayə gəlirləri hesabına öz satış dəyərini təxminən 20-21 il ərzində ödəməsi mümkün olursa, bu, daşınmaz əmlakın qiymətinin kifayət qədər yüksək olduğunu göstərir. Bu baxımdan Azərbaycan mənzil qiymətlərinin bahalılığı üzrə dünya sıralamasında ön sıralarda yer alan ölkələrdən biri hesab olunur.

Bəs bu vəziyyəti dəyişmək üçün nə etmək olar? Əsas məsələlərdən biri mənzil qiymətlərinin artım tempinin aşağı salınmasıdır. Hazırda daşınmaz əmlak bazarında illik qiymət artımı təxminən 10-15 faiz intervalında dəyişir. Əgər bu artım 4-5 faiz səviyyəsinə qədər enərsə və eyni zamanda əhalinin gəlirləri daha sürətlə yüksələrsə, mənzil əlçatanlığının yaxşılaşması mümkündür”.

Ekspert xatırladıb ki, 2026-cı ilin ilk altı ayında orta aylıq əməkhaqqının 7 faiz, əhalinin nominal gəlirləri 9,8 faiz artıb, inflyasiya isə 5,7 faiz təşkil edib:

“Bununla yanaşı, həmin dövrdə mənzil qiymətlərinin təxminən 10-11 faiz artması gəlirlərin yüksəlməsinə baxmayaraq, mənzil əldə etmək imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşmadığını göstərir. Mənzil əlçatanlığı baxımından müxtəlif ölkələr arasında ciddi fərqlər mövcuddur. Məsələn, Belçikada bu göstəricinin 6,6 səviyyəsində olması əhalinin gəlirləri və mənzil qiymətləri arasındakı nisbətin daha əlverişli olduğunu göstərir. 

Belə şəraitdə insanlar daha qısa müddətdə mənzil almaq üçün tələb olunan kapitalı formalaşdıra bilirlər. Mənzil bazarında əlçatanlığa təsir edən amillər isə yalnız qiymətlərlə məhdudlaşmır. Kredit faizlərinin səviyyəsi, ipoteka imkanları, iqtisadi artım, əhalinin gəlirləri, minimum və orta əməkhaqqı, eləcə də real gəlirlərin dinamikası burada mühüm rol oynayır.

Bu göstəricilər üzrə Azərbaycanda müsbət dəyişikliklərin baş verməsi mənzil əlçatanlığının da yaxşılaşmasına şərait yarada bilər. Xüsusilə kredit faizlərinin aşağı salınması və əhalinin gəlirlərinin artım tempinin mənzil qiymətlərindən yüksək olması bazardakı vəziyyətə birbaşa təsir göstərə bilər”.

Həmsöhbətimiz əlavə edib ki, ölkələr arasında mənzil qiymətlərinin formalaşmasına təsir edən sosial və mədəni amillər də fərqlənir:

“Məsələn, Asiyanın bir sıra ölkələrində daşınmaz əmlakın qiymətləri iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq yüksəkdir. Avropada isə ümumi mənzərə nisbətən fərqlidir. Burada cəmiyyətin yaşayış sahəsinə münasibəti də müəyyən rol oynaya bilər. Şərq ölkələrində mənzil, fərdi ev və torpaq yalnız yaşayış vasitəsi deyil, həm də mühüm kapital və sosial status göstəricisi kimi qəbul edilir. Daşınmaz əmlaka olan yüksək tələbat isə öz növbəsində qiymətlərin artmasına təsir edən amillərdən birinə çevrilir.

2026-cı ildə Azərbaycan iqtisadiyyatının artım tempi təxminən 2-2,5 faiz olacaq. Belə bir iqtisadi mühitdə mənzil bazarında ciddi qiymət azalması baş vermədiyi halda, gəlirlərlə daşınmaz əmlak qiymətləri arasındakı fərqin qısa müddətdə əhəmiyyətli şəkildə aradan qalxması çətin görünür. Nəticədə əhalinin mənzil əldə etmək imkanlarının genişləndirilməsi üçün kompleks tədbirlərə ehtiyac var. Sosial mənzil layihələrinin artırılması, daha əlverişli kredit mexanizmlərinin yaradılması və ipoteka imkanlarının genişləndirilməsi bu istiqamətdə əsas addımlardan ola bilər”.

Mütəxəssisin fikrincə, digər mühüm məsələ isə sənədsiz evlərin hüquqi statusunun müəyyənləşdirilməsidir: 

“Ölkədə 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu yaşayış obyektlərinin sənədləşdirilməsi yalnız vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından deyil, iqtisadi baxımdan da əhəmiyyətlidir. Sənədləşdirilmiş mənzil bank kreditlərinin təminatı kimi istifadə oluna, qiymətləndirmə və sığorta sisteminə daxil edilə, vergitutma bazasını genişləndirə bilər. Beləliklə, hazırda iqtisadi dövriyyədən kənarda qalan böyük həcmdə daşınmaz əmlak ölkənin iqtisadi sisteminə inteqrasiya olunar.

Bu proses həm bank sektorunda aktivliyin artmasına, həm kreditləşmə imkanlarının genişlənməsinə, həm də daşınmaz əmlak bazarında şəffaflığın yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda iqtisadi aktivliyin artması gəlirlərin yüksəlməsinə və uzunmüddətli perspektivdə mənzil əlçatanlığının yaxşılaşmasına şərait yarada bilər.

Beləliklə, Azərbaycanda mənzil probleminin həlli yalnız qiymətlərin aşağı salınmasından ibarət deyil. Bunun üçün gəlirlərin artırılması, əlverişli kredit mexanizmlərinin formalaşdırılması, sosial mənzil proqramlarının genişləndirilməsi və sənədsiz yaşayış fondunun iqtisadi dövriyyəyə cəlb edilməsi kimi bir-birini tamamlayan tədbirlərin həyata keçirilməsi vacibdir”.

Günel Cəlilova

0