Mərkəzi Bank “Amay TM”dəki 260 m² sahəsi olan əmlakını 190 minə satıb

İQTİSADİYYAT
21:35 / 25.08.2026
49

Azərbaycan Mərkəzi Bankının balansında olan iki qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satılıb.

Yeniavaz.com xəbər verir ki, hərracda satılan əmlakların hər ikisi Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında – “Amay TM”də yerləşir.

“Amay TM”nin 6-cı mərtəbəsində 183 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi 128 000 manata, 7-ci mərtəbəsində 74,2 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi isə 60 000 manata satılıb. Beləliklə, həmin obyektlərdən birinin bir kvadratmetrinin satış qiyməti 699 manat, digərinin bir kvadratmetrinin satış qiyməti isə 809 manat olub.

Məlumat üçün bildirək ki, hərrac vasitəsilə satılan obyektlərin qiyməti real bazar qiymətlərindən dəfələrlə aşağıdır. Hazırda daşınmaz əmlak üzrə ölkənin ən populyar elan saytlarında “Amay TM”nin yerləşdiyi ərazidə (Xətai metro stansiyasının ətrafı) ən aşağı qiymətə təklif olunan obyektin bir kvadratmetrinin satış qiyməti təxminən 1 700 manat təşkil edir. Bu ərazidə alıcılara təklif olunan ən bahalı obyektin bir kvadratmetrinin satış qiyməti isə təxminən 6 000 manata bərabərdir.

Cəmi bir həftə əvvəl “Amay TM”nin 7-ci mərtəbəsində yerləşən və 120 kvadratmetr sahəsi olan obyekt isə alıcılara 360 000 manata (bir kvadratmetri 3000 manat) təklif olunub.

0