Bu gün tarixin vərəqlərində 26 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
26 avqustda bir sıra görkəmli şəxs dünyaya gəlib. Həmçinin, bəzi mühüm şəxslərin də vəfatı bu günə təsadüf edir.
İlk növbədə qeyd edək ki, 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. O, 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. 2002-ci ilin oktyabrın 7-də isə Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib.
Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda Laçın Şəhəri Günüdür. Beləliklə, tarixin 26 avqustuna nəzər salırıq.
26 avqustda baş verənlər:
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verib. 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. 1071-ci ildə Bizans imperiyası ilə Səlcuq imperiyası arasında Malazgird döyüşü baş verib.
1768-ci ildə ingilis səyyahı Ceyms Kukun ilk dünya səyahəti başlayıb. 1920-ci ildə ABŞ-də ilk dəfə qadınlar səsvermə hüququ qazanıblar. 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsində Mustafa Kamalın komandanlığında Türk Ordusu Qərb Cəbhəsində Yunan Ordusuna qarşı Böyük Hücuma başlayıb. 1936-cı ildə Böyük Britaniya Süveyş kanalı istisna olmaqla Misirə müstəqillik verib. 1936-cı ildə “BBC” kanalında ilk audio televiziya şousu yayımlanıb. 1972-ci ildə XX Yay Olimpiya Oyunları Münhendə keçirilib.
26 avqustda doğulanlar:
1949-cu ildə Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, 1968-ci ildə müğənni Nazim Pişyari və 1987-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov doğulub.
Həmçinin, 1676-cı ildə Böyük Britaniyanın 1-ci baş naziri Robert Uolpol, 1728-ci ildə alman riyaziyyatçı, astronom və fizik İohann Lambert, 1743-cü ildə fransız kimyaçı Antuan Loran Lavuazye, 1914-cü ildə türk şair Fazil Hüsnü Dağlarca, 1936-cı ildə ingilis tədqiqatçı Benedikt Anderson, 1941-ci ildə türk romançı Ayşe Kulin, 1952-ci ildə amerikalı aktyor Maykl Ceter, 1970-ci ildə amerikalı aktrisa Melisa Makkarti, 1971-ci ildə meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisa Talia, 1976-cı ildə rus müğənni Zemfira, 1980-ci ildə amerikalı aktyor Makaley Kalkin və 1990-cı ildə qazaxıstanlı futbolçu Aysultan Nazarbayev dünyaya gəlib.
26 avqustda vəfat edənlər:
1938-ci ildə hərbi xadim, general Cəmşid Naxçıvanski, 1978-ci ildə Əməkdar mədəniyyət işçisi Aşıq Pənah, 1981-ci ildə Əməkdar elm xadimi, riyaziyyatçı, akademik Əşrəf Hüseynov, 1981-ci ildə Əməkdar incəsənət xadimi, kinorejissor Arif Babayev və 2003-cü ildə Xalq artisti, aktyor Həsən Məmmədov dünyasını dəyişib.
Həmçinin, 1850-ci ildə Fransa kralı və general-leytenantı I Lui-Filipp, 1910-cu ildə amerikalı filosof Vilyam Ceyms, 1971-ci ildə Osmanlı şahzadəsi Səbihə Sultan, 1975-ci ildə türkiyəli deputat Abbas Əli Çətin və 1989-cu ildə amerikalı yazıçı İrvinq Stoun vəfat edib.
Pərviz


