Əmək bazarında bəzi peşələrə tələbat yüksək olsa da, həmin sahələr üzrə uyğun işçi tapmaq heç də həmişə asan deyil.
Bir tərəfdə vakansiyaların sayı artır, digər tərəfdə isə işəgötürənlər tələb olunan bacarıqlara malik mütəxəssis çatışmazlığından danışırlar. Bəs bu problemin əsas səbəbi nədir və hansı amillər işçi ilə əmək bazarının tələbləri arasında uyğunsuzluq yaradır?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında deyib ki, ölkəmizdə kifayət qədər ən müxtəlif ixtisaslar üzrə peşə seçimləri mövcuddur:
“Kompüter texnologiyalarından başlamış dizayner seçiminə qədər. İnternet və süni intellekt zamanında yaşadığımız indiki günlərdə ixtisas seçimi üçün yaradılan bu sərbəstlik təəssüf ki, keyfiyyət baxımından, peşə sahiblərinin sosial rifah halını yüksəltmək baxımından müsbət nəticələnmir və gənclər üçün perspektiv vəd etmir. Hazırkı əmək bazarında bir sıra ixtisaslar real iqtisadi vəziyyətdə ixtisas sahibinin dolanışınığını təmin edə bilmir. İnsanlar ixtisasa deyil, ancaq və ancaq gəlir gətirən sahələrə üz tuturlar”.

Ekspert bildirib ki, sosial problemlərin günbəgün artdığı, sürətli qiymət artımının baş verdiyi indiki halda hər kəsi sadəcə hardan daha çox qazanmaq və ailəsinin dolanışığını necə təmin etmək maraqlandırır:
“Bura bitirdiyi ixtisas üzrə iş və qazanc tapmaq kimi müşkül vəziyyəti də əlavə etsək, o zaman bu məsələdə gerçək mənzərə daha aydın canlanır. Son illər ölkəmizdən xarici ölkələrə gənclərin kütləvi axını baş verir. Bu, təkcə xaircdə dolanışıq dalınca qaçanların statistikası deyil, həm də xarici ölkələrdə təhsil almaq, orada ixtisaslı kadr kimi qalıb işləmək, daha çox qazanmaq, stabil sosial təminatla təmin olunmaq istəyi ilə gedənlərin gerçək vəziyyətini əks etdirir.
Gedən gənclərin tam əksəriyyəti isə ümumiyyətlə geri dönmək istəmirlər. Bu, daha çox ölkəmizdə öz ixtisası üzrə gələcək qurmağın mümkünsüzlüyü, sosial müdafiənin yetərincə olmaması, evsizlik problemləri ilə bağlıdır. Xarici ölkələrdə, əsasən də Avropa qitəsində saatbaşı avro valyutası ilə məvacib alan gəncin, vətənə qayıdıb əsasən Azərbaycandakı marketlərdə 8-9 saatlıq iş rejimində ayda cəmi 220-250 dollar əmək haqqına qane olması sadəcə mümkünsüzdür”.
M. Salahovun dediyinə görə, Azərbaycanda rəqabətqabiliyyətli gerçək bazar iqtisadiyyatı mövcud olmadığı üçün ixtisas üzrə çalışmaq istəyən gənclərin də sayında azalma mövcuddur:
“Sosial təminatın olmaması, sığorta və digər əmək faktorlarının nəzərə alınmaması ixtisas üzrə çalışmaq istəyənlərə əlavə əngəl yaradır. Sover dövründə mövcud olan peşə bağlılığı artıq indiki zamanda qətiyyən keçərli deyil. İnsanları gündəlik dolanışığını təmin edəcək sahələr maraqlandırır. Təəssüf ki, ixtisas seçimindəki hazırkı pessimist durum uzun müddət davam edə bilər”.
Günel Cəlilova


