Dünən ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Nəticələrə əsasən, 58 947 gənc tələbə adını qazanaraq həyatının yeni mərhələsinə qədəm qoyub. Onlar üçün bu günlər sevinc, həyəcan və gələcəklə bağlı yeni planların qurulduğu bir dövrdür. Amma bu mənzərənin görünməyən başqa tərəfi də var.
İmtahan nəticəsi istədiyi kimi olmayan, universitetə qəbul ola bilməyən minlərlə gənc hazırda tamam fərqli hisslər yaşayır. Onların bir qismi özünü uğursuz hesab edir, bəziləri dostlarından və sinif yoldaşlarından geri qaldığını düşünür, digərləri isə ailəsinin gözləntilərini doğrultmadığı üçün özünü günahlandırır.
Əslində isə bir imtahan nəticəsi gəncin gələcəyini və ya onun şəxsiyyətini müəyyənləşdirmir. Lakin bunu nəticənin ilk saatlarında və ilk günlərində qəbul etmək hər zaman asan olmur. Xüsusilə dostlarının bir-birinin ardınca “tələbə oldum” xəbərlərini paylaşması qəbul ola bilməyən gənclərdə sosial müqayisəni daha da gücləndirə bilər. Dünənə qədər eyni sinifdə oxuyan, birlikdə imtahana hazırlaşan dostların universitet həyatına başlaması, onun isə kənarda qalması gəncdə “hamı irəlilədi, mən geridə qaldım” düşüncəsi yarada bilər.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, bu mərhələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür:

“Valideyn üçün övladının arzuladığı universitetə qəbul ola bilməməsi məyusluq yarada bilər. Lakin həmin məyusluğun uşağa hiss etdirilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. “Filankəsin uşağı qəbul oldu”, “Sən niyə bacarmadın?”, “Sənə bu qədər xərc çəkdik”, “İndi qohumlara nə deyəcəyik?” kimi cümlələr gəncin onsuz da sarsılmış özünəinamına ciddi zərbə vura bilər.
Bu məqamda valideynin ilk vəzifəsi nəticəni müzakirə etmək deyil, övladının yanında olduğunu göstərməkdir. “Bu nəticə səni dəyişmir”, “Bizim üçün dəyərin aldığın baldan asılı deyil”, “Birlikdə başqa yollar da tapa bilərik” kimi cümlələr gəncin özünü təhlükəsiz hiss etməsinə kömək edə bilər”.
Ekspert qeyd edib ki, qəbul imtahanında uğursuzluqla həyatdakı uğursuzluğu bir-birindən ayırmaq vacibdir:
“Digər tərəfdən, dostların davranışı da az əhəmiyyət daşımır. Qəbul olan gənclərin öz uğurlarını qeyd etməsi təbiidir. Lakin qəbul ola bilməyən dostun yanında nəticəni davamlı şəkildə qabartmaq, balını soruşmaq, hansı universitetə düşdüyünü təkrar-təkrar danışmaq və ya onu başqaları ilə müqayisə etmək düzgün yanaşma deyil.
Ən vacib məsələ isə gəncin davranışındakı dəyişiklikləri vaxtında görməkdir. Əgər qəbul nəticəsindən sonra gənc uzun müddət özünə qapanır, dostları və ailəsi ilə ünsiyyətdən uzaqlaşır, əvvəl sevdiyi fəaliyyətlərə marağını itirir, yuxu və qidalanmasında ciddi dəyişiklik yaranır, özünü dəyərsiz və ümidsiz hiss etdiyini deyirsə, bunu sadəcə “imtahanın stressidir, keçəcək” deyərək görməzdən gəlmək olmaz. Xüsusilə “Mən heç nəyə yaramıram”, “Hamını məyus etdim”, “Kaş heç olmasaydım”, “Artıq heç nəyin mənası yoxdur” kimi ifadələr ciddi qəbul edilməlidir”.
Psixoloq xüsusi olaraq vurğulayıb ki, belə hallarda gənci tək buraxmamaq, onunla sakit və mühakimə etmədən danışmaq, ehtiyac yarandıqda psixoloq və ya digər psixi sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir:
“Özünə zərər vermək və ya intihar barədə konkret düşüncələr varsa, vəziyyəti gizlətməyə və “öz-özünə keçər” deyə gözləməyə çalışmaq olmaz – təcili peşəkar yardım göstərilməlidir. Burada cəmiyyətin də üzərinə məsuliyyət düşür. Biz uşaqlara illərlə “universitetə qəbul olsan, uğurlu olacaqsan” mesajı veririk. Nəticədə gənc qəbul olmayanda təkcə universiteti deyil, özünü də itirmiş kimi hiss edə bilir. Unutmaq lazım deyil ki, insanın həyatında “uğursuzluq” kimi görünən bir hadisə sonradan tamamilə başqa bir yolun başlanğıcına çevrilir”.
Günel Cəlilova


