Aramsız yağışların pambıqçılığa təsiri necə olacaq?

İQTİSADİYYAT
13:10 / 09.09.2026
178

Yay aylarında yağıntı daha çox sərinlik vəd etsə də, kənd təsərrüfatı üçün hər yağış eyni nəticəni vermir. 

Son günlər Bakı ilə yanaşı Azərbaycanın müxtəlif rayonlarında yağan intensiv yağışlar gündəlik həyatda olduğu qədər, əkin sahələrində də müəyyən suallar yaradıb. Xüsusilə məhsul yığımının davam etdiyi bir vaxtda yağıntıların pambıq sahələrinə təsiri diqqət çəkir.

Bəs bu yağışlar pambıqçılıq üçün hansı nəticələrə səbəb ola bilər? Yağıntının miqdarı və davametmə müddəti məhsulun vəziyyətinə necə təsir edir, digər kənd təsərrüfatı sahələrində hansı dəyişikliklər yarana bilər? Yağışların torpağın su ehtiyatına müsbət təsiri ilə yanaşı, məhsul itkisi və ya yığım prosesinin ləngiməsi kimi riskləri də varmı?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, hazırkı mərhələdə yağan yağışların pambıqçılığa təsirini böyük təhlükə kimi qiymətləndirmək düzgün olmaz: 

409262

“Çünki artıq sentyabrın ilk günlərində pambıq yığımı başlamır, tarlalarda pambığın böyük hissəsi hələ qozadadır və az hissəsi açıb. Sovka ilə mübarizə dövrü də əsasən avqust ayında başa çatıb. Sovka mövsümündə yağışlı və sərin hava olsaydı, zərərvericinin inkişafı üçün əlverişli şərait yarana və pambıq qozalarına ciddi zərər vura bilərdi. Hazırkı yağışların belə bir riski isə yoxdur.

İndiki yağıntının əsas təsiri pambıq sahələrinin əlavə və arzuolunmaz şəkildə su almasıdır. Çünki adətən 15 avqustdan sonra pambığın suvarılması dayandırılır. Bunun məqsədi həmin vaxta qədər formalaşmış qozaların normal yetişməsi və açmasıdır. Ona görə də bu dövrdə yağan yağış müəyyən qədər artıq suvarma effekti yaradır”.

Lakin onun sözlərinə görə, yağışın təsiri onun miqdarından və davamlılığından asılıdır:

“Qısa müddətli və normanı aşmayan yağıntı ciddi problem yaratmaya bilər. Əksinə, torpaqda müəyyən nəmlik ehtiyatı formalaşdıraraq digər əkin sahələri üçün faydalı ola bilər. Amma uzunmüddətli və intensiv yağış torpaqda həddindən artıq nəmlik yaradarsa, kök sisteminə mənfi təsir göstərə, bəzi sahələrdə xəstəliklərin yaranması riski artırır. Pambıq baxımından əsas məsələ hazırda qozaların yetişmə və açılma prosesidir. Yağıntı çox güclü və uzunmüddətli olmadığı halda, bunun məhsula ciddi zərər vuracağını düşünmürəm”.

Ekspert bildirib ki, əsas risk pambıq açıldıqdan sonra güclü yağışların davam etməsi ilə yaranır: 

“Açılmış pambıq uzun müddət yağış altında qalarsa, lifin keyfiyyəti pisləşə, pambığın nəmliyi arta və yığım üçün əlverişsiz şəraitin yaranması mümkündür. Digər kənd təsərrüfatı sahələrində isə yağışların təsiri fərqli ola bilər. Torpağın su ehtiyatının artması payızlıq əkinlər və növbəti əkin mövsümü üçün müəyyən üstünlük yaradır. Ancaq intensiv yağıntılar bəzi ərazilərdə su basmasına, eroziyaya və artıq rütubətə səbəb ola bilər.

Yəni hazırkı yağışları pambıqçılıq üçün birbaşa təhlükə kimi qiymətləndirməkdənsə, yağıntının intensivliyi, müddəti və pambığın hansı inkişaf mərhələsində olması əsas meyarlar kimi götürülməlidir. Hazırda sovka dövrü keçdiyi üçün əsas narahatlıq zərərverici deyil, həddindən artıq nəmlik və sonrakı mərhələdə açılmış pambığın yağış altında qalmasıdır”.

Sevinc

0