Rusiya valyutasının dəyərində baş verən dəyişiklik iki ölkə arasındakı ticarət münasibətlərində yeni qiymət dinamikası yarada bilər.
Bu prosesin Azərbaycanda xüsusilə ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına, həmçinin yerli istehsalçıların Rusiya bazarındakı mövqeyinə təsiri maraq doğurur.
Rublun manata nisbətdə möhkəmlənməsi Rusiyadan məhsul alan Azərbaycan şirkətləri üçün hansı nəticələrə səbəb ola bilər? Belə bir vəziyyətdə Rusiyadan ölkəyə gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarının maya dəyərində və son satış qiymətlərində artım ehtimalı nə qədərdir?
İqtisadçı Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, ərzaq məhsullarının qiymətinə valyuta dəyişikliklərinin təsiri bir neçə amildən asılıdır, rublun məzənnəsindəki yüksəlişi birbaşa bahalaşma ilə əlaqələndirmək olmaz:

“Burada söhbət yalnız valyuta kursundan getmir, məhsulun ölkəyə çatdırılmasına çəkilən xərc, satıcının tətbiq etdiyi marja və bazardakı rəqabət də yekun qiymətin formalaşmasına təsir göstərir. Rusiyadan Azərbaycana gətirilən məhsulların dəyəri rublun manata qarşı möhkəmlənməsi fonunda arta bilər.
İdxalçı üçün yaranan əlavə xərc uzun müddət davam edərsə, bunun satış qiymətlərində özünü göstərməsi də mümkündür. Lakin bu keçidin nə qədər və hansı sürətlə baş verəcəyini əvvəlcədən yalnız məzənnə əsasında müəyyənləşdirmək mümkün deyil”.
İqtisadçının fikrincə, bazarın başqa ölkələrdən məhsul əldə etmək imkanları da bu baxımdan mühüm əhəmiyyət daşıyır:
“Əgər idxalçı üçün alternativ tədarükçülər və münasib qiymətə başqa mənbələr mövcuddursa, rublun bahalaşmasından yaranan fərqin tamamını alıcıya yükləmək onun üçün əlverişli olmaya bilər. Rəqabət güclü olduqda şirkətlər bazardakı mövqelərini qorumaq üçün əlavə xərclərin müəyyən hissəsini öz üzərinə götürə bilərlər”.
Onun sözlərinə görə, bu səbəbdən də rublun möhkəmlənməsinin Azərbaycanda ərzaq qiymətlərinə təsirini dərhal nəticə kimi deyil, zamanla üzə çıxan iqtisadi proses kimi qiymətləndirmək lazımdır:
“Valyuta məzənnəsindəki dəyişiklik əvvəlcə idxal xərclərinə təsir edir, daha sonra isə digər bazar şərtlərindən asılı olaraq bunun istehlakçı qiymətlərinə nə dərəcədə yansıyacağı müəyyənləşir. Rublun bahalaşması Azərbaycan üçün potensial xərc artımı yaratsa da, bu, ərzaq məhsullarının qiymətinin avtomatik və eyni faizlə yüksələcəyi anlamına gəlmir”.
Sevinc


