Dünyada Ebola təhlükəsi böyüyür

SAĞLAMLIQ
17:08 / 27.10.2026
55

Ebola virusunun yayılması ilə bağlı vəziyyət beynəlxalq səhiyyə gündəminə yenidən daxil olub. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı rəqəmlərə əsasən, oktyabrın 20-dək Konqo Demokratik Respublikasında 9 704 yoluxma təsdiqlənib, xəstəlik səbəbindən 4 687 nəfər həyatını itirib. Keniya və Nigeriyada da ölkə xaricindən gətirilən yoluxma halları müəyyən edilib.

Ağır gedişi və yüksək ölüm göstəricisi ilə tanınan Ebola infeksiyası sərhədlərarası yayılma ehtimalı baxımından da diqqət mərkəzindədir. Ölkələr arasında gediş-gəlişin davam etdiyi şəraitdə virusun başqa ərazilərə keçmə ehtimalı səhiyyə qurumlarının qabaqlayıcı tədbirlərini və epidemioloji nəzarəti daha da əhəmiyyətli edir.

Bəs Ebola virusunun digər ölkələrə yayılması nə dərəcədə real təhlükə yaradır və bu riskin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, Ebola ağır gedişli və ölüm riski yüksək olan hemorragik infeksiyadır:

413997

“Xəstəlik inkişaf etdikcə orqanizmdə ciddi zəhərlənmə əlamətləri yaranır, daxili qanaxmalar, eləcə də ürək, ağciyər və böyrəklərin fəaliyyəti ilə bağlı həyati təhlükəli fəsadlar meydana çıxa bilər. Ebola da xüsusilə təhlükəli hemorragik infeksiyalar sırasındadır. Konqo Demokratik Respublikası və ətraf ərazilərdə bu xəstəliklərin yayılma ocaqları vaxtaşırı qeydə alınır və beynəlxalq səhiyyə qurumlarının müdaxiləsi ilə nəzarətə götürülür”.

Ekspert əlavə edib ki, Ebola virusunun əsas təbii mənbəyi heyvanlardır. Virusun yarasalarla əlaqəsi xüsusi qeyd olunur, bəzi primatlar da yoluxaraq infeksiyanı insanlara ötürə bilər:

“İnsanlar arasında yoluxma isə əsasən xəstənin qanı və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində baş verir. Hazırda Ebola virusunun hava-damcı yolu ilə yayıldığı sübut edilməyib. Lakin belə ötürülmə mexanizminin yaranması epidemioloji vəziyyəti kəskin şəkildə ağırlaşdıra bilər”.

Sevinc

0