Çin pilotsuz uçuş aparatlarına qarşı qorunan zirehli transportyorunu nümayiş etdirdi

DÜNYA
12:10 / 29.10.2026
62

Çin hərbçiləri pilotsuz uçuş aparatlarının hücumlarından qorunmaq üçün əlavə metal konstruksiyalarla təchiz edilmiş Type 08 zirehli transportyorunu nümayiş etdiriblər. Lakin hərbi ekspertlər yeni müdafiə sisteminin bəzi hissələri tam əhatə etmədiyini və texnikanın müəyyən istiqamətlərdən hücumlara qarşı həssas qala biləcəyini bildirirlər.

HİT.az xəbər verir ki, “Defense Express”in yaydığı məlumata görə, Çin və Pakistan hərbçilərinin birgə təlimləri zamanı çəkilən görüntülərdə zirehli texnikanın üzərində dron əleyhinə əlavə qoruyucu konstruksiyalar görünür.

Sosial şəbəkələrdə yayılan videoda maşının gövdəsinin yan tərəflərinə metal ekranlar quraşdırıldığı, qüllənin isə trapesiya formasında əlavə konstruksiya ilə örtüldüyü müşahidə olunur. Qüllənin üzərindəki bu örtüyün kamuflyaj materialı ilə təchiz edildiyi, topun yaxınlığında isə nişanalma avadanlığının işləməsi üçün nəzərdə tutulduğu ehtimal edilən iki şəffaf elementin yerləşdirildiyi bildirilir.

Müdafiə sistemi bütün hissələri əhatə etmir

“Defense Express”in qiymətləndirməsinə görə, əlavə qoruyucu ekranlar maşının bütün yan hissələrini tam örtmür. Xüsusilə sol tərəfdə müdafiə konstruksiyası gövdənin bütün uzunluğu boyunca uzanmır, ön hissə isə açıq qalır.

Ekspertlər hesab edirlər ki, qüllənin gücləndirilməsi zirehli transportyorun müdafiəsini artırsa da, bu, onu FPV dronlarının hücumlarından tam sığortalamır. Ön hissədə daha qalın zirehin olması belə dron zərbələrinə qarşı mütləq qorunma demək deyil.

Bununla belə, nəşr konstruksiyanın hələ tam hazır olmaması ehtimalını da istisna etmir. Müdafiə sisteminin təlimlərdən əvvəl tələsik quraşdırıldığı və sonradan təkmilləşdirilə biləcəyi ehtimal olunur. Digər versiyaya görə, layihə real döyüş şəraitində effektiv müdafiə yaratmaqdan çox, Rusiya və Ukraynanın dronlara qarşı istifadə etdiyi təcrübənin öyrənilməsi və tətbiqinin nümayişi məqsədi daşıya bilər.

Type 08 zirehli transportyorunun xüsusiyyətləri

Type 08 Çinin istehsal etdiyi, 8×8 təkər formuluna malik zirehli döyüş maşınları ailəsidir. Modifikasiyadan asılı olaraq bu texnikanın çəkisi təxminən 15–25 ton arasında dəyişir.

Görüntülərdəki modelin təxminən 21 ton çəkisi olan ZBL-08 zirehli transportyoru olduğu ehtimal edilir. Maşın 30 millimetrlik 2A72 avtomatik topla təchiz edilmiş qülləyə malikdir. Bu model üç nəfərlik ekipajla yanaşı, yeddi desant hərbçisini daşıya bilir.

Samir

0