“İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə siyasi qüvvələr nisbətinin dəyişdiyini, amma hakimiyyətin formalaşdırılması üçün zəruri olan parlament çoxluğunun yaranmadığını göstərir”.
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, heç bir siyasi blokun hökumət qurmaq üçün tələb olunan 61 deputatlıq çoxluğu əldə edə bilməməsi ölkəni mürəkkəb siyasi danışıqlar mərhələsinə gətirib:
“Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi düşərgə ilə “Yaşar” Partiyasının sədri Qadi Eyzenqotun təmsil etdiyi müxalifət blokunun ayrı-ayrılıqda parlament çoxluğunu təmin edə bilməməsi göstərir ki, seçkilərdən sonrakı əsas mübarizə artıq mandatların sayından daha çox, fərqli siyasi qüvvələrin ortaq mövqedə birləşdirilməsi ətrafında gedəcək. Belə vəziyyətdə seçkilərdə ən çox mandat qazanan blokun hökuməti avtomatik formalaşdırmaq imkanı yaranmır. Əsas məsələ parlamentdə etimad qazana biləcək siyasi konfiqurasiyanın yaradılmasıdır”.
Ekspert qeyd edib ki, İsrailin parlament idarəçiliyi sistemində hökumətin formalaşdırılması prosesi prezidentin siyasi partiyalarla məsləhətləşmələrindən sonra hökumət qurmaq imkanları daha yüksək qiymətləndirilən namizədə mandat verməsi ilə başlayır:
“Namizədin koalisiya yaratmaq üçün müəyyən edilmiş vaxt çərçivəsində digər partiyalarla razılığa gəlməsi və Knessetdə lazımi dəstəyi təmin etməsi tələb olunur. Bu baxımdan, Netanyahu üçün əsas çətinlik ənənəvi sağçı və ultraortodoks partiyaların dəstəyinin hökumət qurmaq üçün yetərli olub-olmamasıdır. Onun parlamentdə əlavə dəstək qazanmaq üçün yeni siyasi razılaşmalara ehtiyacı var. İndi əsas məsələ müxalifət düşərgəsinin nümayəndələrinin Netanyahunun rəhbərliyi altında hökumətdə iştirak etməyə münasibətindən asılı olacaq”.
Politoloq diqqətə çatdırıb ki, Eyzenqotun rəhbərlik etdiyi düşərgə də hökumət qurmaq üçün müxtəlif siyasi qüvvələrin dəstəyini bir araya gətirməlidir:
“Burada ərəb partiyalarının mövqeyi xüsusi əhəmiyyət daşıyır. Həmin partiyaların parlamentdəki mandatları hökumətin formalaşdırılmasına təsir göstərə bilsə də, onlarla əməkdaşlığın hansı formada həyata keçiriləcəyi siyasi baxımdan həssas məsələdir. Ərəb partiyalarının koalisiyaya birbaşa qoşulması ilə hökumətə kənardan dəstək verməsi arasında ciddi fərq var.
İkinci variant müəyyən razılaşmaların əldə edilməsini asanlaşdıra bilər, lakin belə hökumətin uzunmüddətli sabitliyinə təminat vermir. Yeni seçki ehtimalı da məhz bu siyasi düyünün açılıb-açılmayacağından asılıdır. Əgər tərəflər qarşılıqlı güzəştlərə getməsələr, hökumətin formalaşdırılması prosesi uzana və ölkə növbədənkənar seçki ilə üzləşə bilər”.
Rəşad Bayramovun sözlərinə görə, İsraildə hazırkı siyasi vəziyyətin taleyini bir neçə amil müəyyən edəcək deyə bilərik:
“Bunlar Netanyahu və Eyzenqot düşərgələrinin əlavə dəstək qazanmaq imkanları, ərəb partiyalarının tutacağı mövqe və prezidentin hökuməti formalaşdırmaq mandatını kimə həvalə edəcəyidir. Əgər bu istiqamətlər üzrə razılıq əldə olunarsa, yeni koalisiya hökumətinin yaradılması mümkün olacaq. Əks halda, siyasi qeyri-müəyyənliyin dərinləşməsi və növbədənkənar seçkilərin keçirilməsi qaçılmaz olacaq”.
Elmir Mustafa


