Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilir

SİYASƏT
13:36 / 29.10.2026
273

“Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilməsi ölkəmizin xarici siyasətinin, regional mövqeyinin və qlobal münasibətlər sistemindəki iştirakının mühüm istiqamətlərindən biridir”. 

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu proses yalnız beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ilə məhdudlaşdırılmır:


“Burada əsas məsələ müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların, siyasi və ictimai institutların ortaq maraqları ətrafında bir araya gəlməsi, fikir ayrılıqlarının müzakirə edilməsi, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının axtarılması və inkişaf etdirilməsidir. Bu, şübhəsiz ki, bir neçə istiqamətdə özünü büruzə verir.

İlk əvvəl Azərbaycan beynəlxalq dialoq məkanı kimi artıq özünü təsdiq edib. Ölkənin coğrafi cəhətdən əlverişli ərazidə yerləşməsi, Avropa ilə Asiyanın qovşağında qərarlaşması nəticə etibarilə yeni imkanlar yaradıb. Bu mövqe Azərbaycanın bağlayıcı funksiyasını qabarıq şəkildə nümayiş etdirməsinə və beynəlxalq dialoqun aparılması üçün əlverişli mühitin formalaşmasına şərait yaradır”.

Millət vəkili qeyd edib ki, burada söhbət həm energetika layihələrinin reallaşdırılmasından, nəqliyyat və logistika layihələrindən, həm də müxtəlif siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsindən gedir:
“Geosiyasi mövqenin qarşılıqlı fayda verən əməkdaşlıq müstəvisinə çevrilməsi Azərbaycan diplomatiyasının çox uğurlu strateji xəttlərindən biri kimi qiymətləndirilə bilər. Dialoq bütün tərəflərin maraqlarına cavab verən və diqqət mərkəzində saxlanmalı olan mövzular ətrafında ortaq dəyərlərin müəyyən olunması baxımından olduqca vacibdir.

Siyasi-diplomatik müstəvidə dövlətlər arasında təmasların, çoxtərəfli məsləhətləşmələrin və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsinin geniş şəkildə təşviq olunması özünü açıq-aşkar göstərir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əlaqələrin genişləndirilməsi, ticarət və investisiya imkanlarının artırılması iqtisadi və nəqliyyat əməkdaşlığının, eləcə də enerji təhlükəsizliyinin bərqərar edilməsi üçün mühüm müzakirələrin aparılmasına və konkret layihələrin reallaşdırılmasına səbəb olur”.

Həmsöhbətimiz əlavə edib ki, dinlərarası və mədəniyyətlərarası konsensusun əldə olunması, vətəndaş cəmiyyəti institutları arasındakı əlaqələrin, eləcə də xalqlar arasındakı qarşılıqlı etimadın gücləndirilməsi humanitar və ictimai dialoq formatında özünü büruzə verir:
“Bu istiqamətdə Bakı şəhərində keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dinlər, mədəniyyətlər və cəmiyyətlər arasında anlaşmanın təşviq edilməsində mühüm rol oynayır. Forumun gündəliyi etimad, sülh quruculuğu, gənclər, miqrasiya, rəqəmsal gələcək və digər məsələləri əhatə edir.

Həmçinin, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 və onun qlobal iqlim gündəliyinə verdiyi töhfələr, həmçinin Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi tədbirlər bu sahədə atılan mühüm addımlardandır. Bütün bunlar ölkənin diplomatik əlaqələrinin şaxələndirilməsinə, iqtisadi diplomatiyanın, o cümlədən biznes forumlar, texnologiya transferi və qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir”.

Deputat vurğulayıb ki, Azərbaycan İSESKO və digər mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqələrə malikdir:
“Ölkəmiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, G6 Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası və D8 platforması kimi qurumlarda təmsil olunmaqla geniş institusional imkanlara malikdir. Bu strategiya Azərbaycanın milli maraqlarına tam cavab verir, onun beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirir və ölkəmizə göstərilən etimadın artdığını təsdiq edir”.

Elmir Mustafa

0