Polşada S19 sürətli avtomobil yolunun ən mürəkkəb hissələrindən birində tikinti işlərinin mühüm mərhələsi başa çatıb. Pşemışl bölgəsində inşa edilən nəhəng estakadanın dayaqları bəzi yerlərdə 80 metr hündürlüyə çatır. Layihənin gələn ilin son aylarında tamamlanması nəzərdə tutulur.
HİT.az xəbər verir ki, bu barədə “Forsal” portalı məlumat yayıb.
Podkarpatiya bölgəsində Babitsa və Yavojnik yol qovşaqlarını birləşdirən 11,8 kilometrlik hissənin tikintisini “Intercor” şirkəti həyata keçirir. Layihə çətin relyefə görə ölkənin ən mürəkkəb yol tikintilərindən biri hesab olunur. Bu ərazidə beş viaduk və səkkiz estakada inşa edilir.
Onların ən uzunu təxminən 1,1 kilometrdir. ES-26 kodu ilə tanınan estakada yol səthinin yerdən hündürlüyünə görə Polşada bu tipli ən yüksək qurğudur. Onun dayaqları 80 metrə qədər yüksəlir, ayrı-ayrı aşırımların uzunluğu isə 188 metrə çatır.
Tikintidə Eyfel qülləsi ilə müqayisə edilən həcmdə polad istifadə olunub
Estakadanın inşası mühəndislər qarşısında ciddi texniki çətinliklər yaradıb. Beton qarışığının böyük hündürlüyə çatdırılması üçün xüsusi boru sistemi hazırlanıb, polad konstruksiyaların quraşdırılmasında isə beş qülləli krandan istifadə edilib.
Polşanın Milli Yollar və Avtomobil Yolları Baş İdarəsinin (GDDKiA) məlumatına görə, yalnız dayaqların tikintisinə 51 800 kubmetr beton qarışığı sərf olunub. Bu həcm 20-dən çox olimpiya hovuzunu doldurmağa kifayət edərdi.
Dayaqların inşasında, həmçinin 9 250 ton poladdan istifadə edilib. Bu miqdar məşhur Eyfel qülləsinin polad karkasının çəkisi ilə müqayisə olunur.
Yol nə vaxt istifadəyə veriləcək?
Babitsa–Yavojnik hissəsində işlərin təxminən 80 faizi tamamlanıb. Hazırda əsas işlər yol örtüyünün salınması və digər infrastruktur elementlərinin tamamlanması ilə bağlıdır.
İlk estakadanın bir hissəsinin birləşdirilməsindən sonra tikinti şirkəti ikinci hərəkət istiqaməti üçün işlərə başlayacaq. Artıq hazır olan dayaqlar və mövcud estakadadan betonun daşınması üçün istifadə imkanları növbəti mərhələnin daha sürətli aparılmasına kömək edəcək.
Yol hissəsinin 2027-ci ilin son aylarında istifadəyə verilməsi planlaşdırılır. 2028-ci ildə isə onun Avropanın şimalından cənubuna uzanan Via Carpatia beynəlxalq nəqliyyat dəhlizinə daxil edilməsi gözlənilir. Bunun üçün Rzeşuv yaxınlığındakı tunelli hissənin də tamamlanması lazımdır. Marşrutun daha cənubdakı növbəti hissəsinin açılması isə 2031-ci ildən tez gözlənilmir.
Samir


