Ukraynadakı müharibə bitdikdən sonra "Şimal axını" bərpa olunacaqmı?

DÜNYA
13:15 / 29.10.2026
62

Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında müharibə başa çatdıqdan sonra belə “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpasını dəstəkləmir. Brüssel bu mövqeyini həm Moskva, həm də Vaşinqton tərəfinə çatdırıb.

HİT.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Avropa Komissiyasının baş sözçüsü Paula Pinyonun sözlərinə görə, Avropa Rusiyadan qalıq yanacaq asılılığının gizli xərclərini artıq yaxşı anlayır. O bildirib ki, qaz tədarükünü ilk dayandıran Rusiya olub və Moskva enerji resurslarından təzyiq vasitəsi kimi istifadə edib.

Pinyonun sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin mövqeyi ilə üst-üstə düşür. O, Rusiyanın müharibəni dayandırmasına qədər bu ölkənin enerji resurslarına qarşı sanksiyaların qüvvədə qalacağını bəyan edib.

Avropa İttifaqı üzv dövlətlərin təsdiqlədiyi qanunvericiliyə əsasən, 2027-ci ilin sonunadək Rusiya qazının idxalını mərhələli şəkildə dayandırmağı planlaşdırır. Qısamüddətli mayeləşdirilmiş təbii qaz (LNG) müqavilələrinin ləğvinə başlanılıb, uzunmüddətli LNG müqavilələrinin isə 2027-ci ilin yanvarınadək başa çatdırılması nəzərdə tutulur. Boru kəməri ilə qaz tədarükünə dair müqavilələr, o cümlədən əvvəllər “Şimal axını” ilə əlaqəli olanlar isə 2027-ci ilin sentyabrınadək mərhələli şəkildə dayandırılmalıdır.

Avropanın Rusiyadan qaz asılılığı azalıb

“Şimal axını” Rusiya ilə Almaniyanı birləşdirən, uzunluğu 1200 kilometrdən çox olan sualtı qaz kəməridir. “Şimal axını-1” 2022-ci ildə baş verən partlayışlardan sonra fəaliyyət göstərmir. “Şimal axını-2” isə Almaniya hökumətindən istismar üçün sertifikat ala bilməyib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Avropa enerji təchizatını şaxələndirmək və Rusiya qazından asılılığı azaltmaq siyasətinə başlayıb. Məlumata görə, Rusiyanın boru kəmərləri ilə tədarük etdiyi qazın Aİ-nin ümumi qaz idxalındakı payı 2021-ci ildəki təxminən 40 faizdən 2025-ci ildə 6 faizə düşüb. Avropa ölkələri ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırıblar.

Bununla belə, Almaniyada “Şimal axını”nın yenidən işə salınmasını müdafiə edən qüvvələr də var. “Almaniya üçün alternativ” partiyasının lideri Alisa Vaydel hakimiyyətə gələcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları ləğv etməyi və qaz kəmərinin fəaliyyətini bərpa etməyi vəd edib.

Qaz kəmərinin gələcəyi ilə bağlı müzakirələr ABŞ və Rusiya nümayəndələrinin mümkün danışıqları barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir. Oktyabrda mediada tərəflərin layihəyə amerikalı investorun cəlb olunması imkanını müzakirə etdiyi barədə məlumatlar yayılıb. Xəbərlərə görə, danışıqlarda Rusiya prezidenti Vladimir Putinin müşaviri Kirill Dmitriyev və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak etdiyi bildirilir.

Samir

0