Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş töhmət məhkəmə qərarı ilə ləğv edilib.
HİT.az xəbər verir ki, Vüqar Oruc barəsində tətbiq olunan intizam tənbehi ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Araşdırma nəticəsində məhkəmə töhmətin qanunsuz olduğu qənaətinə gəlib və onun ləğvi barədə qərar çıxarıb.
Məhkəmə prosesində AQC sədrinin hüquqlarını cəmiyyətin Hüquq Departamentinin rəhbəri, vəkil Fuad Məmmədov müdafiə edib.
AQC-nin məlumatına görə, hazırda Palatanın digər üç üzvü – aktiv fəaliyyət göstərən şirkət rəhbərləri ilə bağlı tətbiq olunmuş intizam tədbirlərindən verilən şikayətlər üzrə də məhkəmə prosesləri davam edir.
Qeyd edək ki, Vüqar Oruc 2022-ci il mayın 20-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyinə seçilib. O, qiymətləndirmə sektorunda institusional tənzimləmənin gücləndirilməsi məqsədilə yeni qanunun qəbulunu və Qiymətləndiricilər Palatasının yaradılmasını təklif edən şəxslərdən biri olub. 2023-cü il dekabrın 30-da Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunu təsdiqləyib.
2024-cü il dekabrın 16-da Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib. Həmin tədbirdə Vüqar Orucun namizədliyi irəli sürülsə də, onun Palatanın rəhbərliyinə seçkilərdə iştirakına imkan verilmədiyi bildirilir.
AQC sonrakı dövrdə Palata tərəfindən cəmiyyətin rəhbərliyinə və üzvlərinə qarşı əsassız intizam tədbirləri tətbiq edildiyini, inzibati təsir vasitələrindən istifadə olunduğunu iddia edir. Qurumun məlumatında Azərekspertiza Birliyinin Palatadan xaric edildikdən sonra məhkəmə qərarı ilə yenidən reyestrə daxil edilməsi də xatırladılır.


