Dünya neçə qütblüdür?

DÜNYA
16:00 / 24.11.2026
105

“Günlərdir dünyanın üçqütblü, yoxsa 2,5 qütblü olduğu barədə müzakirələr gedir”.

Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin görüşünün də dünyanı bölüşdürməyə hesablandığı iddiaları yayılır:


“Əslində, güc müqayisəsi aparıldığı zaman bir ölkənin qütb və ya qlobal güc olub-olmadığını yalnız milli güc ünsürləri və ya statistik göstəricilərlə qiymətləndirmək mümkün deyil. Bütün bunların hərtərəfli qiymətləndirilməsi, artıq dövrün tələb etdiyi süni intellekt, kosmos, peyk, nüvə imkanı və qabiliyyəti, iqtisadi dayanıqlılıq, hərbi dayanıqlılıq kimi məsələləri özündə cəmləşdirməsi lazımdır. Bütün bu məsələləri bir araya gətirib Çin, Rusiya və ABŞ-ni qiymətləndirdiyimiz zaman dünyanın üçqütblü olmadığını görürük”.

Ekspertin sözlərinə görə, dünya hazırkı miqyas və göstəricilərə görə ABŞ və Çin tərəfindən ikiqütblü, “yarım” deyə ifadə etdiyimiz 2,5-in yarısı da Rusiya olacaq şəkildə dəyərləndirilə bilər:
“Düzdür, Rusiyanın mövcud statistik göstəriciləri qlobal güc və qütb kimi görünmür. Çünki Rusiya nüvə dövləti olması, döyüş imkanları, hərbi texnikaları, təsir etdiyi coğrafiyalar və logistik dayanıqlılığı nəzərə alınmaqla 2,5 qütb strategiyasına uyğun gəlir. Əlbəttə, bu 2,5 qütb strategiyasında digər faktorlar da var. Bunlar təşkilatlar və qurumlardır”.

General buna da nümunə verib:
“Məsələn, Avropa İttifaqı, BRİKS və Türk Dövlətləri Təşkilatı kimi qurumlar da çoxqütblü dünyada bir güc ünsürü təşkil edir. Eyni zamanda, regional və regionüstü güc olub dünyadakı qütbləri, qütb ölkələrini təsirləndirəcək potensial güc mərkəzləri də var. Onların sırasına isə Böyük Britaniya, Almaniya, Fransa, Cənubi Koreya, Türkiyə, Azərbaycan və Braziliya kimi ölkələri aid etmək lazımdır”.

Yücel Karauz sözlərini belə yekunlaşdırıb:
“Beləliklə, dünya üçqütblüdən daha çox 2,5 qütblü, təşkilat və qurumların ön plana çıxdığı bir yerdir. Üstəlik, son illərdə regional güc ünsürlərinin də nəzərə alınmalı olduğu bir dünyaya doğru gedirik”.

0