Neft bahalaşmaqda davam edəcəkmi?

İQTİSADİYYAT
14:47 / 02.06.2020
1463

OPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər neftin qiymətini artırır.

Artıq Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin bir barelinin avqust ayı üçün fyuçers qiymətləri 39 ABŞ dollarını, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin iyul fyuçers qiymətləri 36 ABŞ dollarını ötüb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev neftin qiymətininartmasını bazarın tənzimlənməsi ilə əlaqələndirir.

“May ayının 1-dən qlobal neft bazarlarına OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində edilən intervensiya artıq real bazarda nəticəsini verməkdədir. Müstəqil şirkətlərin və bazar iştirakçılarının verdiyi məlumata görə, hazırda fiziki bazarlardan tələbatdan artıq neft həcmlərinin bir hissəsi yığışdırılıb. Sərbəst fiziki həcmlərin azalması əsasən üzən anbarlarda müşahidə olunur. Üzən anbarlarda neft həcmlərinin əvvəlki aylara nisbətən azalması fraxt qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Lakin paralel olaraq hazırda stasionar anbarlarda neft həcmlərində az da olsa artımlar müşahidə olunur. Əsasən Asiya-Sakit Okean, Çin, son bir həftədə isə Hindistanın idxal həcmlərində müəyyən artımlar qeydə alınıb. Hindistanın dövlət neft şirkəti BTC neft qarışığının iyul və avqust ayında bir neçə gəmi üçün tədarükü ilə bağlı tender elan edib. Bu, yaxın aylarda Hindistanda da xam neftə olan tələbatın may ayı ilə müqayisədə bir qədər artacağını göstərir”, - ekspert qeyd edib.

Zəfər Vəliyev

O əlavə edib ki, bunlara baxmayaraq, yenə də bazarlarda tələbatdan artıq neft həcmləri mövcuddur, ona görə də hələlik bazarda möhkəm balansın yaranması fikrini söyləmək mümkün deyil.

Neftə tələbat yenə də aşağı olacaq

Ekspertin fikrincə, bütün hallarda ilin sonuna kimi neftə olan tələbat keçən ildən kifayət qədər aşağı olacaq: “2019-cu ildə qlobal neftə olan tələbat gündəlik 99,5 mln. bareldən yuxarı idisə, bu ilin sonuna 88 mln. barel olacağı gözlənilir. Yəni keçən illə müqayisədə gündəlik tələbatda 10 mln. barel azalma olacaq”. Z.Vəliyev 2021-ci ildə də tələbatın çox yüksək səviyyəyə çatmayacağını bildirib. Onun fikrincə, gələn il neftə olan qlobal tələbat maksimum gündəlik 95 mln. barelə yaxınlaşa bilər, lakin bu da bazarın tənzimlənməsindən asılıdır.

“Son dövlərdə Çində idxal həcmləri artır, amma bu tələbatın artması demək deyil. Çin gündəlik idxal etdiyi 9,5 - 9,7 mln. barellik həcmlərin 1,7-1,8 mln. barelini strateji və kommersiya təyinatlı neft ehtiyatlarının formalaşdırılmasına yönəldir. Bu da bazar üçün çox təhlükəlidir. Çünki ilin axırına kimi Çində strateji və kommersiya ehtiyatları 1 mlrd. barelə yaxınlaşarsa, gələn il üçün idxal həcmləri azala bilər. Analoji fikirləri neft məhsulları ilə bağlı da demək olar. Hazırda Çinin emal gücləri 13 mln. bareli ötüb. Ölkə emal güclərinin xamalla yüklənməsini 2019-cu il səviyyəsinə çatdırmaqla daxili tələbatı ödəyir, eyni zamanda tələbatdan artıq neft məhsullarını bazara çıxarır. Bu da bazarda balansın pozulmasına səbəb olur”, - ekspert əlavə edib.

Bazar üçün ən uğurlu format – OPEC+

O, indiki dövrdə bazarın tənzimlənməsi ilə bağlı ən uğurlu formatın OPEC və müttəfiqlərinin əməkdaşlıq platforması olduğunu hesab edir. Ekspertin fikrincə, bu platforma çərçivəsində ilin sonuna kimi bazarda müəyyən balansa nail olmaq olar və buna nail olacaqlar.

Ekspert əlavə edib ki, hazırda neftin 1 barelinin real qiyməti 37-38 ABŞ dolları civarında deyil: “Bazar tənzimlənməsə, neftin qiyməti daha aşağı olmalıdır. Məsələn, “Brent” markalı neftin fyuçers qiyməti 37-38 dollar arasında dəyişirsə, hesab edirəm ki, hər bareldə 10 ABŞ dolları OPEC və müttəfiq dövlətlərin Vyana sazişinin təsirindəndir. Bu birmənalı olaraq belədir, əks arqumenti yoxdur”.

Ekspert qiymətə təsir edən amillərdən digərinin OPEC+ toplantısı ərəfəsində Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytin may-iyun aylarını əhatə edən 23%-lik kəsintini növbəti aylarda da şamil etmək niyyətləri olduğunu qeyd edib.

Hasilatın azaldılma səviyyəsi uzadılmalıdır

Qeyd edək ki, aprel ayında qəbul olunmuş qərara əsasən, OPEC+ ölkələri hasilatı may-iyun aylarında 2018-ci ilin oktyabr ayındakı göstəricidən (Rusiya və Səudiyyə Ərəbistanı üçün istinad bazası fərqlidir -11 mln. barel) 23% (9,7 mln. barel/gün) səviyyəsində azaltmalıdır. Həmin qərara əsasən, iyul ayından ilin sonunadək gündəlik hasilatın 18% və ya 7,7 mln. barel, 2022-ci il aprel ayının sonuna kimi isə 14% yaxud 5,7 mln. barel azalması nəzərdə tutulur.

Ekspert may və iyun ayları üçün nəzərdə tutulan 23%-lik kəsintinin sonrakı aylarda da tətbiq edilməsini vacib hesab edir.

Onun fikrincə, bu, həm stasionar anbar mərkəzlərində, həm də üzən anbarlarda tələbatdan artıq neft həcmləri olduğu üçün vacibdir. “Həmin neft həcmlərinin böyük hissəsi bazardan yığışdırılmalıdır. Bundan sonra bazarda canlanma başlayacaq. Çünki həm stasionar, həm də üzən anbarlarda tələbatdan artıq neft həcmlərinin mövcud olması, sərbəst güclərin tükənməsi, neft hasilatını təhdid altına alır. Bu da ixrac güclərini, magistral neft kəmərlərinin funskional fəaliyyətini, digər tərəfdən neft emalı zavodlarının normal marja ilə, gəlirlə işləməsini təhdid edir. Bunlar böyük bir həlqədir və bu həlqənin hər bir elementinə dəqiq nəzarət etmək lazımdır. Hesab edirəm ki, iyul-avqust aylarında 23%-lik kəsinti üçün yenidən qərar qəbul edilməlidir”.

O xatırladıb ki, bu aydan başlayaraq bazarda balansın formalaşmasını daha sürətləndirmək, bazarın tənzimlənməsinə daha sürətlə nail omaq üçün Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt gündəlik hasilatını kvotadan əlavə 1,2 mln. barel (1 mln. barel Səudiyyə Ərəbistanı, 80 min barel Küveyt, 120 min barelə yaxın BƏƏ) azaldacaq. Ekspertin fikrincə, bu da bazarda balansın formalaşmasına təkan verəcək.

0
Report.az