Gündəlik söhbətlərdə işlədilən 11 ifadə tənbəlliyin əlaməti ola bilər

MARAQLI
21:55 / 22.10.2026
60

Bəzi insanlar işləri uzun müddət təxirə salsalar da, özlərini məsuliyyətli göstərməyi bacarırlar. Psixoloqların yanaşmasına görə, gündəlik söhbətlərdə işlədilən bəzi ifadələr isə məsuliyyətdən yayınmaq və görülməli işləri başqalarının üzərinə atmaq cəhdini göstərə bilər.

HİT.az xəbər verir ki, bu barədə “YourTango” yazıb.

Məqalədə qeyd olunur ki, “Mən təzyiq altında daha yaxşı işləyirəm” ifadəsi bəzən işi son ana qədər təxirə salmağa bəraət qazandırmaq üçün işlədilir. “Sən məni gərginləşdirirsən” sözləri isə diqqəti şəxsin hərəkətsizliyindən yayındıraraq məsuliyyəti qarşı tərəfin üzərinə yönəldə bilər.

“Öz yanaşmam var” və “Nə vaxtsa bununla məşğul olaram” kimi ifadələr də işləri qeyri-müəyyən müddətə saxlamağın üsuluna çevrilə bilər. Eyni zamanda, “Tələsmək istəmirəm, hər şeyi düzgün etmək istəyirəm” deyərək daim hazırlıq mərhələsində qalmaq, amma işə başlamamaq da bu davranışlar sırasında göstərilir.

Məqalədə diqqət çəkilən digər ifadələr arasında “Bu gün əhvalım yoxdur”, “Bu, o qədər də vacib deyil” və “Özümü mənəvi cəhətdən hazırlayıram” sözləri də var. Müəllifin fikrincə, bu cür cümlələr bəzən fəaliyyətsizliyi əsaslandırmaq, tapşırığın əhəmiyyətini azaltmaq və ya işi görmək üçün başlanğıc addımını davamlı təxirə salmaq məqsədi daşıya bilər.

“Bununla məşğul olmağa hazırlaşırdım” və “Özümü yaxşı hiss edəndə edəcəyəm” ifadələri də diqqət çəkir. Belə hallarda insan işi görmək niyyətində olduğunu desə də, real nəticə ortaya qoymaya bilər. Bununla belə, səhhətində problem yaşayan və ya psixoloji çətinliklərlə üzləşən hər kəsi tənbəl hesab etmək düzgün deyil.

Siyahıda yer alan son ifadə isə “Bəlkə, sən edəsən? Səndə daha yaxşı alınır” cümləsidir. Müəllifin qənaətinə görə, bu cür təriflər bəzən başqasını işi öz üzərinə götürməyə sövq etmək üçün istifadə olunur. Nəticədə bir nəfər həm öz işini, həm də digərinin məsuliyyətini yerinə yetirməli olur.

Məqalədə vurğulanır ki, bu ifadələrdən hər hansı birini işlətmək insanın mütləq tənbəl olduğu anlamına gəlmir. Əsas məsələ həmin sözlərin davamlı təkrarlanması və insanın məsuliyyətlərindən yayınmaq üçün istifadə edilməsidir.

Samir
 

0