Gürcüstanda azərbaycanlı ailəyə hücum - Ölən və yaralanan var

HADİSƏ
11:57 / 29.11.2023
291

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

APA-nın Gürcüstan bürosu yerli KİV-ə istinadən xəbər verir ki, sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər.

Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb. Qatilin hadisə yerindən qaçdığı bildirilir.

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb.

Polis keçmiş arvadını yaralayan və onun ərini qətlə yetirən şəxsin axtarışlarını davam etdirir. “Mtavari Arxi” telekanalı xəbər verir ki, silahlı hücum gecə saatlarında baş verib. Məlumata görə, 40 yaşlı Xeyir Xəbərov qisas məqsədilə keçmiş arvadını yaralayıb, onun əri 36 yaşlı Yaşar Cəfərovu isə qətlə yetirib.

Ailə üzvlərinin məlumatına görə, qadın 6 ay əvvəl ərindən ayrılaraq Yaşar Cəfərovun yanına köçüb, lakin bu müddət ərzində keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhdid edilib.

Sakinlərin sözlərinə görə, hadisə zamanı evdə 3 nəfər olub. Bildirilib ki, evə daxil olan şəxs həmin vaxt yatan Yaşar Cəfərova atəş açıb və o, hadisə yerində keçinib. Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.

 

0