Son illər filmlərə və seriallara baxarkən videonu sürətləndirmək, maraqsız səhnələri ötürmək bir çox insan üçün adi vərdişə çevrilib. Psixoloqlar bunu informasiya çoxluğu fonunda beynin vaxt və enerjiyə qənaət etmək cəhdi kimi qiymətləndirsələr də, diqqəti cəmləmək qabiliyyətinin zəifləməsinin ciddi problemlərə yol aça biləcəyini bildirirlər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə Moskva Dövlət Universitetinin Ali Televiziya Məktəbinin dosenti, psixoloq Olqa Kopılova danışıb.
Mütəxəssisin sözlərinə görə, təxminən 20 il əvvəl videoları daim irəli çəkmək diqqətsizliyin göstəricisi hesab olunurdu. İndi isə insanların qarşılaşdığı böyük informasiya axını beynin məlumatları qəbul etmə üsulunu dəyişib. Bu şəraitdə formalaşan klipvari təfəkkür insana böyük həcmdə informasiya arasından əsas məqamları tez seçməyə kömək edir.
Kopılova qeyd edib ki, videolardakı maraqsız səhnələri, uzun dialoqları ötürmək də bu yanaşmanın bir hissəsidir. Beləliklə, insan daha az vaxt sərf etməklə bütöv serialı izləyə bilir. Digər tərəfdən, vaxt çatışmazlığı və daxili enerjiyə qənaət etmək istəyi də bu vərdişi gücləndirir.
Diqqəti cəmləmək qabiliyyətinin itirilməsi təhlükə siqnalıdır
Psixoloq hesab edir ki, narahatlıq doğuran əsas məqam insanın hətta maraqlı filmə belə diqqətini yönəldə bilməməsidir. Bu problem təkcə əyləncə zamanı deyil, kitab oxuyarkən, mühazirələrə qulaq asarkən və gündəlik işlərdə də özünü göstərə bilər.
Məsələn, tələbələr dərs zamanı eyni anda müəllimi dinləməyə, mesajları yoxlamağa və şəxsi məsələləri həll etməyə çalışırlar. Nəticədə isə mövzunun əsas məğzini mənimsəyə bilmirlər.
Kopılovanın fikrincə, diqqətin xroniki şəkildə dağılması yaddaşa da mənfi təsir göstərir. İnsan məlumatı səthi qəbul edir və beyin onu yaddaşda möhkəmləndirməyə kifayət qədər vaxt tapmır.
Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
Mütəxəssis davamlı unutqanlıq, yaddaşda faktların təhrif olunması, məlumatı xatırlamaqda çətinlik və hər şeydən tez bezməyi narahatedici əlamətlər sırasında göstərib.
Onun sözlərinə görə, bu hallar uzun müddət davam edərsə, daha ciddi psixoloji problemlərin göstəricisi ola bilər. Psixoloq xüsusilə daimi darıxma və yaddaş pozuntularına diqqət yetirməyin vacibliyini vurğulayıb.
Kopılova vurğulayıb ki, tələsmədən film izləmək, kitab oxumaq və uzunmüddətli diqqət tələb edən fəaliyyətlərlə məşğul olmaq qabiliyyətini qorumaq idrak sağlamlığı baxımından əhəmiyyətlidir.
Samir


