"Göztəpə" danimarkalı rəhbərlə Avropa klubu ola bilər? - RƏY

İDMAN
13:37 / 31.07.2024
443

Türkiyənin "Göztəpə" komandası xarici investora satıldıqdan sonra diqqət çəkməyə davam edir. 

Belə ki, 19 avqust 2022-ci ildə İzmir təmsilçisinin hissələrinin 70 faizini "Sport Republic" şirkəti satın alıb. Bunun ardınca isə klubun prezidenti danimarkalı iş adamı Rasmus Ankersen olub. "Göztəpə" bu satışdan qısa müddət sonra Super Liqaya yüksəlib. Üstəlik, Ankersen hədəflərinin avrokuboklarda mübarizə aparmaq olduğunu açıqlayıb. 

Maraqlıdır, "Göztəpə" də xarici klublar kimi satıldıqdan sonra Avropada tanınan, yaxşı transferlər edən, oynadığı futbolla diqqət çəkən bir komanda ola biləcək?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, "Göztəpə"nin qısa zamanda etdikləri onların doğru istiqamətdə addımladıqlarını göstərir:

355132

"Lakin klub prezidentinin danimarkalı olması önəmli deyil. Çünki Danimarka komandaları Avropada çox yüksək səviyyələrdə çıxış etməyiblər. Yəni "Göztəpə"nin uğuru təkcə Rasmus Ankersendən asılı olan məsələ deyil. Klubda transfer edən şəxlər, futbolçular, məşqçi heyəti və azarkeşlər onların uğur qazanmasına təsir edə bilər".

Ekspert qeyd edib ki, Türkiyədə uğur qazanmaq asan məsələ deyil:

"Türkiyə futbol ictimaiyyətinin oturuşmuş bir düşüncəsi var. Ona görə də orada işləmək asan olmur. Hətta dəfələrlə Avropanın ən yüksək səviyyəli baş məşqçilərinin Türkiyədən qovuldularını görmüşük. Hərçənd ki, onlar arasında Avropa və dünya çempionu olan mütəxəssislər də var. 

Məsələn, zamanında "Altınordu" bir müddət uğurlu çıxış etdi, yaxşı futbolçular yetişdirdi və hətta Avropaya oyunçular satdı. Amma böyük komanda olması hədəflənilən "Altınordu" gözləntiləri qarşılaya bilmədi". 

Aslan Kərimov "Göztəpə"nin Avropada uğur qazanacağını inandırıcı hesab etmir:

"Ümumiyyətlə, Türkiyədə əyalət komandalarının 4 böyük klubdan önə çıxması mümkün deyil. Zaman-zaman hansısa komandalar uğur qazana bilər. Amma onların heç birinin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"u keçməsi çox çətindir. Belə bir şəraitdə Avropada uğur qazanmaq isə olduqca mürəkkəbdir. 

Yəni Avropada uğur qazanmaq üçün ilk növbədə 4 böyüklərlə mübarizə aparmaq və onları keçmək lazımdır. Bunun öhdəsindən gəlmək o qədər də asan deyil. Bütün bunlara görə "Göztəpə"nin Avropanın tanınan klublarından birinə çevriləcəyini düşünmürəm".

Pərviz

0