Qurban Qurbanov: "Mənim gecə klublarında adamlarım yoxdur"

İDMAN
16:10 / 23.10.2024
303

"Çox vacib matçdır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis tanınmış kluba qarşı oynayacaqlarını bildirib:

"Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".

Q.Qurbanov Marko Veşoviş və Mateus Silvanın sözügedən görüşdə meydana çıxmayacağını söyləyib:

"Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması, inkişaf üçün böyük təkandır. Azyaşlı oyunçular belə nəhəng klubların Azərbaycana gəldiyini görür. Bu da futbola sevgini daha da artıra bilər. Bizim də təcrübəmiz çoxdur. Böyük klublara qarşı oynamışıq. Çəkinmirik, məğlubiyyətlər də görmüşük. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. Belə rəqibə qarşı necə düzgün oynamalıyıq? Bu barədə düşünməliyik. Rəqib yaxşı kollektivdir, dinamik və ağıllı futbol sərgiləyir. Onlara qarşı mübarizə aparacağıq və bəzi şeyləri də öyrənirik".

Mütəxəssis ukraynalı futbolçu Aleksey Kaşuk haqqında da danışıb:

"Hazırlığı pis deyil. Amma tam razı deyiləm. Onu da yaxşı başa düşürəm. Oyunlardan, kollektiv məşqlərdən uzaq qalmaq futbolçu üçün yaxşı deyil. Ona inamımız da böyükdür. "Ayaks"la oyunda sürət, dinamika tam başqa olacaq. Onun texnikasından və bacarıqlarından istifafə edə bilərik".

Qurban Qurbanov Ağdam təmsilçisinin sabiq futbolçusu Raydel Puponun açıqlamasına münasibət bildirib: "Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir (gülür). Klubda ən məsuliyyətli şəxs mənəm. Futbolçuların daim formada olmasını istəyirəm. Biz tələbkar olmalıyıq. Elə etməliyik ki, oyunçu da inciməsin. Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir. (Gülür) Pupon maraqlı insan idi. Bəzən çəkisi yuxarı olurdu. Hərdən futbolçuların şikayətini də eşidirik. Amma müəyyən müddət keçəndən sonra başa düşürlər ki, tələb etdiklərimiz sağlamlıqları və stabil olmaları üçün faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq asandır. Tələblər olmasa, uğurlu nəticə də olmayacaq" - deyə mütəxəssis söyləyib.

Qeyd edək ki, Pupon ölkəsinin mətbuatına açıqlamasında Qurban Qurbanovun hər şeyə əhəmiyyət verdiyini deyib: "Polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”.

Onu da qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.//report.az

0