Argentina yenidən finalda: Messi belə istədi

İDMAN
10:48 / 16.07.2026
246

Ötən gecə Dünya Çempionatının ikinci finalçısı da bəlli olub.

Hit.az xəbər verir ki, Argentina İngiltərəni 2-1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Tarixi uğurlar:
Bununla da Argentina ardıcıl iki mundialda final oynayacaq. Argentina Dünya çempionatları tarixində yarımfinal mərhələsində meydana çıxdığı oyunların hamısında qalib gəlib. Argentina bu mərhələdə 1930-cu ildə ABŞ-ni, 1986-cı ildə Belçikanı, 1990-cı ildə İtaliyanı, 2014-cü ildə Niderlandı, 2022-ci ildə Xorvatiyanı, bu il isə İngiltərəni mübarizədən kənarlaşdırıb.

Harri Keyn isə ötən gecə İngiltərə millisində 121-ci oyuna çıxaraq bu göstəricidə ikinci olub. O, Ueyn Runini geridə qoyub.

Matçın statistikaları:
Argentina topla oynamada 64-36 faiz nisbəti ilə rəqibi xeyli qabaqlayıb. Onarın qapıya zərbələrdə üstünlüyü 3 dəfə artıq olub: 15-5. Dəqiq pas ötürmələrində də üstünlük dəyişməyib: 588-325. Qapıçı qurtarışlarında isə ingilislər rəqiblərini üstələyib: 3-1.

Qırmızı vərəqənin göstərilmədiyi matçda ingilislər 1, argentinalılar isə 3 dəfə sarı vərəqə alıb. Sərt keçən oyunda toplam 26 dəfə qayda pozulub.

İlklər:
İngiltərə - Argentina matçı Dünya çempionatları tarixində birinci 30 dəqiqədə qapılara zərbə endirilməyən ilk qarşılaşma olub. Messi isə yarımfinalda meydana çıxan ən yaşlı futbolçu kimi tarixə düşüb. Bundan başqa, Leo mundialda 3-cü dəfə finala çıxacaq 6-cı futbolçu olacaq. 

Messi faktoru:
Leo Messi yenə də matçın gedişatını dəyişdirməyi bacarıb. 85-ci dəqiqəyə qədər 1-0 hesabı ilə geridə olan Argentina Messinin cəmi 7 dəqiqəyə etdiyi 2 assistlə matçda geridönüş edib. Dünya ulduzu Misirlə oyunda da 2-0 geridə olan komandasına 1 qol, 1 məhsuldar ötürmə edərək 3-2 hesablı qələbə qazandırıb. 39 yaşlı dünya çempionu mundialda göstərdiyi performansla hər kəsi özünə heyran qoymağa davam edir. Argentina finalda qələbə qazanacağı təqdirdə, 2 qat dünya çempionu olacaq.

Qeyd edək ki, Dünya Çempionatının finalında Argentina ilə İspaniya qarşılaşacaq. Həyəcanla gözlənilən matç 19 iyun saat 23:00-da start götürəcək.

Elmir Mustafa

0