18 yaşa çatmadan ana olanların sayı yenə də yüksəkdir...

SAĞLAMLIQ
12:30 / 31.08.2026
160

Azərbaycanda yetkinlik yaşına çatmadan ana olan qızların sayı açıqlanıb. 

Rəqəmlər erkən nikah və erkən analıq probleminin hələ də aktual olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə 18 yaşı tamam olmayan 877 qadın ana olub. Bu rəqəm 2024-cü ildə daha yüksək – 1279 nəfər təşkil edib. Bir il ərzində göstərici 402 nəfər azalsa da, yüzlərlə qızın hələ 18 yaşına çatmadan ana olması diqqətçəkən sosial problem olaraq qalır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, bəzi ailələrdə qızın müəyyən yaşa çatdıqdan sonra təhsilini davam etdirməsi deyil, ailə qurması əsas həyat mərhələsi kimi qəbul edilir: 

408455

“Bəzən isə ailə “qızın gələcəyini təmin etmək” düşüncəsi ilə verdiyi qərarın onun gələcəyini məhdudlaşdıra biləcəyini nəzərə almır. Bəzi hallarda isə qızın öz iradəsi ilə ailənin qərarı arasında ciddi fərq yaranır. 

Azərbaycanda erkən evliliklərin qarşısının alınması istiqamətində müxtəlif dövlət qurumları və aidiyyəti strukturlar tərəfindən tədbirlər həyata keçirilir. Vaxtaşırı məktəbyaşlı qız üçün nişan və ya toy mərasiminin keçirilməsi barədə məlumatlar üzə çıxdıqda, hüquq-mühafizə və digər aidiyyəti qurumların müdaxiləsi ilə belə mərasimlərin qarşısı alınır”.

Lakin onun sözlərinə görə, burada problemin daha mürəkkəb tərəfi ortaya çıxır:

“Bir toy mərasimini dayandırmaq mümkündür, amma erkən evliliyə gətirən düşüncəni bir tədbirlə dəyişmək mümkün deyil. Əgər ailə qızının 16-17 yaşında evlənməsini normal hesab edirsə, yalnız mərasimin qarşısının alınması problemin kökündən həll edilməsi demək deyil. Çünki erkən nikahın qarşısını almaq üçün hüquqi mexanizmlərlə yanaşı, ailənin düşüncəsinə, qızın təhsilinə, sosial mühitinə və iqtisadi imkanlarına təsir edən uzunmüddətli tədbirlər də lazımdır. Başqa sözlə, erkən evliliklə mübarizə təkcə toyun qarşısını almaq deyil, toya aparan səbəbləri aradan qaldırmaqdır”.

Ekspert qeyd edib ki, 18 yaşına çatmadan ana olmaq yeniyetmənin həyatında yalnız bioloji dəyişiklik yaratmır: 

“Bu, onun sosial mövqeyini, təhsilini, gələcək əmək imkanlarını və ailə daxilindəki rolunu da dəyişə bilər. Təhsildən uzaqlaşan gənc qadının gələcəkdə əmək bazarına daxil olması və öz iqtisadi müstəqilliyini qurması da çətinləşə bilər. Beləliklə, bir erkən evlilik bəzən digər problemlərin başlanğıcına çevrilir, təhsildən uzaqlaşma, iqtisadi asılılıq, sosial təcrid və gələcək seçimlərin azalması.

Üstəlik, yeniyetmə yaşında analıq emosional baxımdan da ciddi məsuliyyət yaradır. Uşaq böyütmək üçün yalnız fiziki yaş deyil, psixoloji hazırlıq, sosial dəstək və həyat təcrübəsi də lazımdır. Bu resursların kifayət qədər olmadığı hallarda həm ana, həm də dünyaya gətirdiyi uşaq əlavə çətinliklərlə üzləşə bilər. Qızın qarşısında alternativ həyat yolu da real şəkildə görünməlidir”.

Sosioloq ələvə edib ki, təhsil, peşə, gələcək karyera və iqtisadi müstəqillik imkanları gücləndikcə erkən evlilik bir çox ailə üçün “yeganə seçim” olmaqdan çıxır:

“Ona görə də 18 yaşına çatmadan ana olan 877 qızın statistikası yalnız “əvvəlki ildən 402 nəfər azdır” cümləsi ilə qiymətləndirilməməlidir. Çünki statistikanın azalması sevindirici olsa da, problemin tam aradan qalxdığını göstərmir. Əsl uğur isə 18 yaşına çatmayan qızların sayını statistik cədvəldə azaltmaqla yanaşı, onların təhsil almaq, peşə seçmək, öz gələcəyini müəyyənləşdirmək və ailə qurmaq barədə qərarı yetkin yaşda və öz iradələri ilə vermələri üçün şərait yaratmaqdır”.

Sevinc

0