Bir zamanlar yeni mahnı klipinin təqdimatı kino premyerası qədər böyük həyəcanla gözlənilərdi.
Rejissor işi, ssenari, aktyor oyunu və bədii süjet xətti klibi sadəcə mahnının vizual örtüyü deyil, müstəqil bir incəsənət əsəri edərdi. Lakin bu gün şou-biznes səhnəsində və rəqəmsal platformalarda qarşılaşdığımız mənzərə tamamilə fərqlidir. Kinematoqrafik dəyəri olan ekran işləri yerini “YouTube” və sosial şəbəkələr üçün sürətlə çəkilib təhvil verilən, primitiv kadrlar toplusundan ibarət roliklərə verib. Artıq müğənnilər keyfiyyətli və yüksək büdcəli klip çəkilişləri etmək istəmirlər.
Bu tənəzzülün arxasında bir neçə əsas səbəb dayanır. Birincisi, sürətli istehlak və alqoritmlərdir. Belə ki, rəqəmsal dövr dinləyicinin diqqət müddətini kəskin qısaldıb. “YouTube”, “TikTok” və “Instagram” kimi platformaların alqoritmləri ifaçılardan daha tez-tez məzmun paylaşmağı tələb edir. Çünki dərin ssenarisi olan keyfiyyətli bir klip aylarla vaxt və hazırlıq tələb etdiyi halda, sadə rolikləri bir neçə saata ərsəyə gətirmək mümkündür.
İkincisi, büdcə və iqtisadi amillərdir. Əvvəllər klip çəkilişlərinə iri büdcələr, professional çəkiliş heyəti və rejissorlar cəlb olunurdusa, hazırda müğənnilər baha başa gələn vizual layihələr yerinə, az xərclə maksimal baxış sayı toplamağa üstünlük verirlər.
Üçüncüsü də süjetin dinamik təkrarla əvəzlənməsidir. Artıq müasir kliplərdə hekayə anlatmaq yerini sadəcə ifaçının müxtəlif geyimlərdə kamera qarşısında oxumasına, ritmik montaja və parlaq işıq effektlərinə verib.
Nəticədə vizual estetika və kinematoqrafik dərinlik ticarət maraqlarına qurban verilir. Musiqi klipləri öz bədii ruhunu itirərək sadəcə mahnının trendə düşməsinə xidmət edən keçici reklamlara çevrilir. Həmin video roliklər isə kimsənin marağına səbəb olmur, yaddaşlarda qalmır və qısa müddət ərzində unudulub gedir...
Pərviz Şimşək


