Azərbaycanda 20 il ərzində övladlığa götürülən uşaqların sayında kəskin azalma müşahidə olunur. Belə ki, 2005-ci ildə 803 valideyn hamiyəsindən məhrum uşaq övladlığa götürüldüyü halda, 2025-ci ildə bu rəqəm 149-a düşüb. Beləliklə, bu göstərici 81 faizdən çox azalıb.
Halbuki internat tipli müəssisələrdə valideyn himayəsindən məhrum uşaqların sayı ötən illərlə müqayisədə ciddi dəyişiklik göstərmir. Bu isə övladlığa götürmənin azalmasının səbəbləri ilə bağlı suallar yaradır.
Bəs insanlar övladlığa uşaq götürməyə əvvəlki qədər maraq göstərmir, yoxsa prosesin özündə dəyişikliklər baş verib?
Bizim.Media məsələ ilə bağlı Naib Niftəliyevin fikirlərini öyrənib. Onun sözlərinə görə, əsas amillərdən biri cəmiyyətdə ailə modelinin dəyişməsidir.
“Son 20 ildə ailələrdə uşaqların sayı azalıb. Əvvəllər 3-5 uşaqlı ailələr daha çox idisə, indi 1-2 uşaqlı ailələr üstünlük təşkil edir. Bu da övladlığa götürməyə potensial tələbatın azalmasına təsir göstərir.
Ümumilikdə, doğulan uşaqların sayında da ciddi azalma müşahidə olunur. Buna görə övladlığa götürmənin azalmasını doğum göstəricilərindən ayrı qiymətləndirmək düzgün olmaz.
Digər tərəfdən, insanların övladlığa götürərkən müəyyən tələbləri olur. Əksər ailələr sağlam, körpə yaşında və konkret cinsdə uşaq istəyirlər. Halbuki valideyn himayəsindən məhrum olan uşaqların hamısı bu meyarlara uyğun gəlmir. Bu da övladlığa götürmə prosesində müəyyən məhdudiyyət yaradır”.
Sosioloqun fikrincə, mənzil, təhsil, səhiyyə və uşağın digər ehtiyacları ilə bağlı xərclərin artması ailələrin qərarına təsir edir. Xüsusilə gənc ailələr maddi imkanlarını nəzərə alaraq övladlığa götürmə məsələsini təxirə sala bilirlər.
“Ailə qurmaq və valideyn olmaq yaşı da yüksəlib. İnsanlar daha gec ailə qurur, şəxsi inkişaf və iqtisadi sabitlik məsələlərini önə çəkirlər. Belə şəraitdə bioloji övlad sahibi olmaq istəyinin özü gecikirsə, övladlığa götürmə qərarı da əvvəlki dövrlə müqayisədə daha gec verilə bilər.
Prosedur məsələsinə gəlincə, hazırda övladlığa götürmə prosesi daha sistemli şəkildə həyata keçirilir. Namizədlərlə müsahibələr aparılır, onların sosial və psixoloji hazırlığı, yaşayış şəraiti və uşağın ailəyə uyğunlaşması qiymətləndirilir.
Bu mərhələlərin olması prosesi müəyyən qədər uzun və mürəkkəb göstərə bilər, amma məqsəd uşağın maraqlarını qorumaqdır. Müraciətlərin elektron qaydada qəbul edilməsi isə əvvəlki dövrlə müqayisədə şəffaflıq baxımından müsbət dəyişiklikdir.
N.Niftəliyev bildirir ki, bəzi hallarda qohumların və ətrafın müdaxiləsi ailələri bu qərardan çəkindirə bilir. İnsanlar bəzən uşağın keçmişi və ailəyə uyğunlaşması ilə bağlı sosial təzyiqdən də narahat olurlar.
Sosioloq hesab edir ki, yalnız övladlığa götürülən uşaqların sayına baxaraq insanların artıq uşaq övladlığa götürmək istəmədiyini demək düzgün deyil. Daha vacib göstərici övladlığa götürmək istəyən ailələrin sayı ilə övladlığa götürülən uşaqlar arasındakı nisbətdir. Bu göstərici prosesdə problemin tələbatdan, uşaqların sayından, yoxsa başqa amillərdən qaynaqlandığını daha dəqiq göstərər.

