ABŞ və İran arasında gərginlik yenidən yüksəlir.
ABŞ-nin İranın Larak adasına zərbə endirməsi və Tehranın buna cavab olaraq İordaniyadakı Amerika hərbi bazasını hədəf aldığını açıqlaması bölgədə yeni eskalasiya ehtimalını gündəmə gətirib. Bəs qarşılıqlı zərbələr iki ölkə arasında hərbi əməliyyatların yenidən genişlənməsinə səbəb ola bilərmi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Hit.az-a açıqlamasında deyib ki, zərbə endirilən nöqtənin İran üçün hansı mahiyyət daşıması ABŞ-nin məqsədini anlamaq üçün kifayət edir:
“Hücuma məruz qalan Larak adası Hörmüzə nəzarət imkanları baxımından İran üçün strateji əhəmiyyət daşıyır. Lakin Larakla yanaşı Qeşm və digər adaları da İrana Hörmüzə nəzarət imkanı verir. Yəni Larakdakı hərbi imkanlar tam sıradan çıxarılsa belə İranın alternativ vasitələri qalır. Ona görə də ABŞ-nin Laraka zərbələri eskalasiyanın genişlənməsi deyil, iqtisadi sanksiyalarla yanaşı İrana hərbi təzyiqlərin davam etdirilməsi anlamı daşıyır. Yəni burada əsas məsələ Hörmüzlə bağlı yaranmış mübahisənin həll edilməməsidir”.
Ekspert qeyd edib ki, ABŞ eskalasiyanın genişlənməsində deyil, İranın Hörmüzlə bağlı güzəştə getməsində maraqlıdır:
“Əgər Vaşinqton genişmiqyaslı müharibədə maraqlı olsaydı, o zaman ilk növbədə Xark adası güclü hücuma məruz qalardı. Bilirsiniz ki, Xarq adası İranıən neft ixracı və iqtisadiyyatı üçün ən vacib nöqtələrdən biridir. Ona görə də bu bölgənin tam məhv edilməsi o deməkdir ki, bölgədə geridönüşü mümkün olmayan ölüm-dirim savaşı başlayacaq. Yəni İran bölgədəki ABŞ hərbi bazaları ilə yanaşı, müxtəlif neft terminallarına, şirkətlərə və digər mülki infrastruktura ciddi zərbələr endirəcək. Bu da bölgəni fəlakətə sürükləməklə yanaşı, ABŞ və dünya iqtisadiyyatına ciddi zərbə vuracaq. Belə olan halda respublikaçıların hakimiyyətdə qalması demək olar ki mümkün olmayacaq”.
Politoloqun fikrincə, ABŞ-nin tərəddüd etməsi də məhz bununla bağlıdır:
“Gah hərbi hücumlar, gah da iqtisadi həmlələr, həmçinin nəticəsiz təhdid ritorikası ABŞ-nin İranla bağlı yaranmış problemdən çıxmaq üçün konkret planının olmadığı ilə bağlı tənqidi fikirləri təsdiq edir. İranın güzəştlərə məcbur edilməsinə hesablanan bütün təzyiq xarakterli addımlar isə heç bir effekt vermir. Təbii ki, hazırki dönəmdə heç nə istisna olunmamalıdır. İran müharibəsi başlamazdan öncə, ABŞ-nin hücumu az ehtimal olunudu.
Çünki İranın assimetrik müharibə gücü və Hörmüz kartı ilə ciddi imkanlara sahib olmasını və ABŞ-yə ciddi problemlər yaradacağını hər kəs bilirdi. Amma buna rəğmən, İsrailin təhriki və MOSSAD-ın yanlış hesablamaları ilə ABŞ buna getdi və hazırda bu səhvin yaratdığı durumdan xilas ola bilmir. Bu bataqlıqdan çıxış imkanının olmaması, məntiqsiz görünsə də, Vaşinqtonu daha bir səhvə məcbur edə bilər. Ancaq bunun üçün ABŞ bayaq qeyd etdiyim təhlükələri gözə almalıdır.”
Sevinc



