Ukrayna Avropa Komissiyasına müraciət edərək 90 milyard avro həcmində Aİ kreditindən 2 milyard avronun “Patriot” zenit-raket kompleksləri üçün ələkeçirmə raketlərinin alınmasına ayrılmasını istəyib.
HİT.az xəbər verir ki, bu barədə “Suspilne” öz mənbələrinə istinadən məlumat yayıb.
Ukrayna həmçinin kreditin müdafiə məqsədləri üçün nəzərdə tutulan hissəsində qalan 6 milyard avronun əsas hissəsinin xərclənməsi planlaşdırılan silahların siyahısını təqdim edib.
Bununla yanaşı, “Defense Express” portalı təhlil edib ki, PAC-3 MSE ballistik raket əleyhinə raketlərinin təxmini qiyməti 4-5 milyon dollardır. Lakin bu qiymət ABŞ ordusu üçün nəzərdə tutulub.
Avropalı tərəfdaşlar üçün PAC-3 MSE raketlərinin ixrac qiyməti daha yüksək ola bilər. Buna 2024-cü ilin sonunda Almaniyanın verdiyi sifariş nümunə göstərilir. Həmin vaxt 120 ədəd PAC-3 MSE raketi 763,5 milyon avro dəyərində qiymətləndirilib. Bu isə bir raketin 6,36 milyon avroya və ya həmin dövrün məzənnəsi ilə 6,61 milyon dollara başa gəlməsi deməkdir.
Beləliklə, analitiklərin hesablamalarına görə, 2 milyard avro (təxminən 2,32 milyard dollar) Vaşinqton onların öz Müdafiə Nazirliyi üçün tətbiq etdiyi qiymətlə satışa razılıq verərsə, təxminən 460-580 ədəd PAC-3 MSE raketinin alınmasına kifayət edə bilər.
Əgər Aİ ölkələri üçün tətbiq olunan qiymətlər əsas götürülərsə, söhbət təxminən 315 raketdən gedir.
“Bununla belə, Ukrayna üçün əsas məsələ qiymətdən daha çox bu raketləri əldə etmək imkanının olmasıdır. Çünki hətta 315 raket PAC-3 MSE raketlərinin illik istehsalının təxminən yarısına bərabərdir”, – ekspertlər vurğulayıblar.
Samir


