Ölkə bazarlarında mövsümün ən çox tələb olunan meyvələrindən olan üzümün satış qiymətləri ilə maraqlandıq.
Hit.az-ın əməkdaşı bununla bağlı bazara üz tutub.
Məlum oldu ki, hazırda piştaxtalarda üzümün bir kiloqramının qiyməti növündən və keyfiyyətindən asılı olaraq 1,50, 1,70 və 2 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, 1,50 manata təklif olunan məhsullar əsasən gündəlik tələbat üçün alınan yerli sortlardır.
Xüsusi görünüşü və dadı ilə seçilən daha keyfiyyətli üzüm növləri isə 1,70 manata satılır. Seçmə və iri dənəli xüsusi çeşidlərin bir kiloqramının qiyməti isə 2 manata çatır. Həmçinin, günün müxtəlif saatlarında daha aşağı və ya baha qiymətə təklif olunan üzümlərə də rast gəlmək mümkündür.
Alıcılar bu mövsüm üzümün qiymətinin ciblərinə uyğun olduğunu və seçim imkanının bolluğunu müsbət qiymətləndirirlər. Təsərrüfatçıların sözlərinə görə, bu il bağlarda bol məhsul yığıldığı üçün qiymətlərdə süni artım baş verməyib. Regionlardan paytaxt bazarlarına hər gün təzə üzüm gətirilməsi təklifin bu səviyyədə qalmasını təmin edir.
Pərviz

