Qara yumora meyl yalnız fərqli dünyagörüşü ilə deyil, həm də yüksək koqnitiv qabiliyyətlərlə əlaqəli ola bilər. Bu nəticəyə Vyana Tibb Universitetinin tədqiqatçıları 2017-ci ildə “asma yumor”un qavranılmasını araşdırarkən gəliblər.
HİT.az xəbər verir ki, bu barədə “Vice” yazır.
Psixoloq Ulrike Villinger və həmkarları 156 yetkin iştirakçının — 76 qadın və 80 kişinin — reaksiyalarını analiz ediblər. İştirakçılar həm söz ehtiyatını ölçən testlərdən, həm də qeyri-verbal IQ tapşırıqlarından keçiblər. Bundan əlavə, aqressivlik səviyyəsi və emosional vəziyyət anketlər vasitəsilə qiymətləndirilib.
Daha sonra könüllülərə alman karikaturaçısı Uli Şteynin “The Black Book” toplusundan 12 karikatura göstərilib. Bu rəsmlərdə ölüm, intihar, xəstəlik, fiziki qüsurlar və tibbi prosedurlar kimi həssas mövzular yer alıb.
İştirakçılardan bu yumorun nə qədər başa düşülən, nə dərəcədə vulqar və nə qədər bəyənilən olduğunu qiymətləndirmələri istənilib.
Araşdırmanın nəticələrinə görə, iştirakçılar şərti olaraq üç qrupa bölünüb. Birinci qrup qara yumora orta səviyyədə münasibət göstərib və intellekt və aqressiya göstəriciləri də orta olub. İkinci qrup bu cür zarafatları ən az bəyənib, orta intellekt səviyyəsinə sahib olub, lakin daha yüksək aqressiya göstərib.
Əksinə, üçüncü qrup qara yumoru ən çox bəyənənlər olub və həm verbal, həm də qeyri-verbal intellekt testlərində ən yüksək nəticələri göstərib. Eyni zamanda bu iştirakçılarda aqressiya səviyyəsi ən aşağı olub.
Müəlliflər bildiriblər ki, mürəkkəb və ikibaşlı zarafatları anlamaq üçün insana daha inkişaf etmiş koqnitiv bacarıqlar lazımdır. Nəticələr həmçinin Ziqmund Freydin 1905-ci ildə yazdığı “Zarafatlar və onların şüuraltı ilə əlaqəsi” əsərindəki fikirlərlə qismən üst-üstə düşür.
Samir


