Pişiklər yuxuda olan sahiblərini necə qoruyur? - 7 maraqlı xüsusiyyət

MARAQLI
23:53 / 22.11.2026
55

Pişiklər yalnız ev heyvanı deyil, həm də sahiblərinin təhlükəsizliyinə instinktiv şəkildə diqqət yetirən canlılardır. Onlar xüsusilə insanların yuxuda olduğu saatlarda ətrafı müşahidə edir, qeyri-adi səslərə reaksiya verir və hətta sahibinin səhhətindəki dəyişiklikləri hiss edə bilirlər.

HİT.az xəbər verir ki, bu barədə “Your Tango” yazıb.

Mütəxəssislərin fikirlərinə və müşahidələrə əsaslanan yazıda pişiklərin gecə saatlarında sahiblərini qorumaq üçün nümayiş etdirdiyi yeddi davranış sadalanıb.

1. Sahibləri yatarkən ətrafı müşahidə edirlər

Pişiklər əsasən alaqaranlıq və sübh saatlarında daha aktiv olurlar. Bu xüsusiyyət onların ovçuluq instinkti ilə bağlıdır. İnsanlar yatarkən pişiklər ətrafı izləməyə, mümkün təhlükələri müəyyənləşdirməyə meyilli olurlar.

2. Sahibinin səhhətindəki dəyişiklikləri hiss edə bilirlər

Pişiklər insan orqanizmində baş verən bəzi dəyişiklikləri qoxu və davranış vasitəsilə sezə bilirlər. Xəstəlik zamanı bədəndəki kimyəvi və hormonal dəyişikliklər, eləcə də nəfəsalma ritminin və ürək döyüntüsünün fərqlənməsi onların diqqətini çəkə bilər.

Baytar Emma Çoyinin sözlərinə görə, pişiklərin həssas qoxu və eşitmə qabiliyyəti insan orqanizmindəki müəyyən dəyişiklikləri fərq etmələrinə imkan verir. Bununla belə, onlar tibbi diaqnostika vasitəsi hesab edilmir.

3. Yatağın ayaq tərəfində yatmağa üstünlük verirlər

Pişiklərin bir çoxu sahibinin yanında, xüsusilə yatağın ayaq tərəfində yatır. Bu mövqe onlara ətrafdakı hərəkətləri daha rahat izləmək və ehtiyac yarandıqda tez reaksiya vermək imkanı verir. Bu davranışın onların təbii təhlükəsizlik instinkti ilə əlaqəli olduğu bildirilir.

4. Evdəki gəmiriciləri asanlıqla aşkar edirlər

Güclü eşitmə, görmə və hərəkətləri izləmə qabiliyyəti pişiklərə siçan və siçovul kimi kiçik heyvanları insanlardan daha tez müəyyən etməyə kömək edir. Bu gəmiricilər müxtəlif xəstəliklərin daşıyıcısı ola bildiyindən pişiklərin ovçuluq instinkti ev şəraitində də faydalı rol oynaya bilər.

5. Evin ətrafını daim yoxlayırlar

Təbii şəraitdə təhlükələrdən qorunmaq üçün ətrafı müşahidə etməyə alışmış pişiklər bu xüsusiyyətlərini ev şəraitində də saxlayırlar. İnsanlar yatarkən onlar otaqları, qapı girişlərini və evin ətrafındakı tanış məkanları yoxlaya bilirlər.

6. İnsanların eşitmədiyi səsləri duyurlar

Pişiklərin eşitmə qabiliyyəti insanlarla müqayisədə daha həssasdır. Onlar yüksək tezlikli səsləri, divarların arxasındakı xırda hərəkətləri və gəmiricilərin çıxardığı səsləri müəyyən edə bilirlər. Bu cür səslər diqqətlərini çəkdikdə mənbəni tapmaq üçün hərəkətə keçirlər.

7. Təbii zəngli saat rolunu oynayırlar

Pişik sahiblərinin yaxşı tanıdığı davranışlardan biri də səhər tezdən oyandırılmaqdır. Xüsusilə yemək vaxtı yaxınlaşanda pişiklər sahibinin yatağına gələrək onu oyatmağa çalışırlar. Bu davranış daha çox qidalanma rejimi ilə bağlı olsa da, nəticədə insanın yuxudan oyanmasına səbəb olur.

Nəşrin yazısında qeyd olunur ki, pişiklərin insanlarla münasibəti qarşılıqlı bağlılıq üzərində qurula bilər. Sahiblərinin qayğısı ilə böyüyən bu heyvanlar da müxtəlif davranışları ilə onlara yaxınlıq və bağlılıq nümayiş etdirirlər. Bununla belə, sadalanan davranışların hamısını şüurlu qoruma cəhdi kimi qiymətləndirmək düzgün olmaz: onların əksəriyyəti təbii instinktlərlə əlaqəlidir.

Samir
 

0