Dostluqlar niyə zamanla bitir? - Psixoloq əsas səbəbləri açıqladı

MARAQLI
22:53 / 21.11.2026
45

İnsanlar arasında dostluq münasibətləri hər zaman mübahisə, inciklik və ya xəyanət səbəbindən sona çatmır. Bəzən həyat şəraitinin dəyişməsi və ünsiyyətin tədricən azalması belə yaxın münasibətlərin zəifləməsinə gətirib çıxarır.

HİT.az xəbər verir ki, bu barədə Kanzas Universitetinin kommunikasiya professoru Cefri Holl bildirib.

Mütəxəssisin sözlərinə görə, dostluqlar əksər hallarda qəfil bitmir, zaman keçdikcə öz-özünə zəifləyir. İnsanlardan köhnə dostları ilə niyə əlaqəni kəsdikləri soruşulduqda, onların çoxu sadəcə bir-birindən uzaqlaşdıqlarını deyir.

Dostluğun zəifləməsinə təsir edən əsas amillərdən biri həyat tərzinin dəyişməsidir. Başqa şəhərə köçmək, yeni işə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq və gündəlik məşğuliyyətlərin artması insanların görüşmək imkanlarını azaldır.

Professor diqqətə çatdırıb ki, romantik münasibətlərdən fərqli olaraq, dostluqda müntəzəm ünsiyyəti təmin edən formal öhdəliklər yoxdur. Tərəflərdən heç biri əlaqə saxlamaq üçün təşəbbüs göstərmədikdə, münasibətlər tədricən arxa plana keçir.

Hollun fikrincə, dostluğun qorunmasında birlikdə keçirilən vaxt da mühüm rol oynayır. Onun araşdırmalarından birinə əsasən, insanlar arasında həqiqətən yaxın dostluğun formalaşması üçün birlikdə təxminən 200 saat vaxt keçirmək lazımdır. Görüşlərin, söhbətlərin və ortaq fəaliyyətlərin azalması emosional bağlılığın da zəifləməsinə səbəb olur.

Dostluğu yenidən bərpa etmək mümkündürmü?

Mütəxəssislər hesab edirlər ki, zamanla zəifləmiş dostluq münasibətlərini yenidən canlandırmaq mümkündür. Bunun üçün bəzən köhnə dosta mesaj yazmaq, ortaq xatirələri yada salmaq və ya görüşməyi təklif etmək kifayət edir.

Hətta aylarla davam edən səssizliyi pozan sadə bir hal-əhval tutmaq da ünsiyyətin bərpasına şərait yarada bilər.

Bununla belə, psixoloqlar qeyd edirlər ki, hər dostluğu əvvəlki vəziyyətinə qaytarmağa çalışmaq doğru deyil. Bəzi münasibətlər həyatın müəyyən mərhələsində öz rolunu tamamlayır və insanların fərqli istiqamətlərdə inkişaf etməsi ilə təbii şəkildə sona çatır.

Samir

0