Təhsil KABİNETDƏN idarə olunmur – Yeni nazir bunları bacaracaqmı?

ÖLKƏ
17:26 / 28.07.2020
3225

Ötən gün dövlət başçısı İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin olundu.

Bu təyinat ölkədə təhsil sahəsində mövcud olan problemləri bir daha göz önünə gətirib və müzakirə mövzusuna çevirib. Eyni zamanda, uzun illər təhsil sektorunda çalışan bir şəxsin bu posta təyin edilməsi həmin problemlərinə həllinə də ümidləri artırıb.

Bəs təhsilimizin ən böyük və həlli daha vacib olan problemləri hansılardır?  Yeni və gənc Təhsil nazirindən gözləntilər nədən ibarətdir?

HİT.Az bu sualla ziyalılara və təhsil adamlarına müraciət edib.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xudoğlu bu təyinatın gözlənilməz, amma yerində və düzgün olduğunu qeyd edib:

“Çox adam yeni təyinatlara da bir az pessimist baxır. Düşünürlər ki, hər şey sistemlə bağlıdır, bu sistemlə uğura nail olmaq mümkün deyil. Amma mən belə düşünmürəm. Yeni nazir həyatını təhsil sisteminə həsr edən biridir, təhsildəki problemləri də yaxşı bilir. Həqiqətən, səmimi olaraq o problemləri həll etməyə çalışan biridir. Onun həyat təcrübəsi bunu deməyə əsas verir”.

Naşir Azərbaycan təhsilindəki problemlərə toxunaraq, onların həllinə inandığını bildirib:

“İstəyərəm ki, Azərbaycan təhsili şəffaflaşsın. Təhsil sistemi gəncləşsin, xaricdə təhsil almış gənclər prosesə cəlb olunsunlar. Təhsil sahəsində işləyən insanların maddi təminatı yüksək olmalıdır.  Müəllim elə əmək haqqı almalıdır ki, özünün yaxşı yaşayışını, kitabxanasını təmin edə bilsin. Hesab edirəm ki, yaxın vaxtlarda biz bu sıçrayışı görə biləcəyik”.

Yazıçı, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Qan Turalı təhsil sistemində fundamental yanaşmanın dəyişilməyinə ehtiyac olduğunu vurğulayıb:

“Azərbaycanda təhsil sistemi ümumilikdə xaotik xarakter daşıyır. Hələ də bizdə təhsil sisteminin əsasları öyrənilməyib. Hələ də bilmirik ki, orta təhsilin, ali təhsilinin, eləcə də magistratura pilləsinin məqsədi nədir?  Sovet sistemini yerində saxlamışıq, sadəcə ona hansısa kosmetik dəyişikliklər edirik. O kosmetik dəyişikliklərlə elə bilirik ki, təhsil sistemi yenilənir.  Magistraturaya qəbulda tələbədən məntiq imtahanı tələb olunur, orta məktəb oxuyur, 4 il universitet oxuyur, amma ən sonda məntiqi yoxlanılır.

Dərsliklə bağlı vəziyyət son dərəcə pisdir, acınacaqlıdır. Onlarla belə sadə məsələlər var. Təəssüf ki, mətbuat da fundamental məsələləri təhlil eləmir. Təhsilin əsas fundamental məsələsi təhsilin mənalandırılmasıdır. İlk növbədə, orta təhsil nəyə lazımdır, ali təhsil nəyə lazımdır və s. suallara cavab tapılmalıdır”.

Yazıçı onu narahat edən digər məqamları da dilə gətirib: “Universitet bizim üçün iş tapmaq vasitəsidir. Halbuki bu, belə deyil. Modern dünyada da belə eləmirlər. Adamlar universitetə girir, istədiyi dərsləri alır. Müasir dünyanın tələbləri çox fərqlidir. 2020-ci ildə məktəbə gedən uşağa  2040-ci ildə keçərli olan təhsili, ona lazım olan bacarığı verməliyik. Əzbər sistemi təlqin etməməliyik. Tələbəyə, şagirdə əsas aşılanmalı olan analiz aparmaq, sintez aparmaq, ümumilikdə, düşünmək qabiliyyətidir.

Dövr, zaman dəyişdikcə, ilk növbədə, təhsil sistemi dəyişməlidir. İnsafən də, yeni təhsil nazirinin həm gənc olmasını, həm dünya görüşünün çox geniş olmasını sosial media vasitəsi ilə bilirik. Ümid edirik ki, bu təyinat müsbət nəticəsini göstərəcək. Amma əlbəttə ki, bu, bir nəfərin işi deyil.  Ziyalıların, alimlərin, ekspertlərin, sosioloqların, eləcə də jurnalistlərin birgə ictimai müzakirəsi ilə mümkün ola bilər”.

Təhsil eksperti Kamran Əsədov isə ali təhsil haqqında qərarın yenidən işlənib hazırlanması, müəllimlərin, direktor və direktor müavinlərinin işə qəbulunun formatının dəyişdirilməsi ilə yanaşı, bir sıra yeni təkliflər irəli sürüb:

1. Şagirdlərin dərsə davamiyyəti xüsusi nəzarətə götürülməlidir;

2. Bağçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir;

3. Ali məktəblər üçün islahatlar aparılmalıdır;

4. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir;

5. Orta məktəblərdə əsassız pul yığımlarına qarşı ciddi mübarizə aparılmalıdır;

 6. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib, sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur;

7. Təhsilin idarə olunmasına yanaşma dəyişməli, məktəblərin özünü maliyyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır;

8. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilməli, vətəndaş müraciətləri operativ  cavablandırılmalıdır;

9. Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilməlidir;

10. Təhsil Nazirliyinin fəaliyyətini tənqid edən, onlara çatışmazlıqları deyənlərə qarşı mübarizə üçün “troll” ordusu yaradılmamalıdır;

11. Qəzalı vəziyyətdə olan məktəblərə xüsusi diqqət ayırmaq lazımdır.

Tanınmış kənd müəllimi Həbib Əlizadə də sorğumuzda iştirak edərək yeni müəllim modelinə ehtiyacın olduğunu vurğulayıb:

“Yenilikçi, təsəbbüşkar, psixoloji və pedaqoji biliklərə sahib olan ümumi model yaradılmalıdır. Bunun üçün sosial şəbəkələr vasitəsilə müəllimlərə təlim keçirilməlidir. Belə olduqda kənd-şəhər, gender bərabərsizliyi, gənc-yaşlı, sosial status qarşıdurması kiçik problemə çevriləcək. Bu modeli müəllimlərin, ekspertlərin, psixoloqların, yerli və beynəlxalq təhsil qurumlarının birgə əməkdaşlığı sayəsində qurmaq olar. “Cəbiş müəllim” dövrünün hörmətli müəllim modeli idi, artıq yeni bir müəllim modelinə ehtiyac var”.

Həbib Əlizadə müəllimlərin maddi vəziyyətini tənzimləməyin də yollarını düşünüb:

“Müəllimlərin maaş məsələsində isə ən nümunəvi yol fərdi maaş sistemidir. Eyni dərs yükü olan iki müəllimin fərdi bacarıq və çalışqanlığı nəzərə alınmalıdır.  Bu, təkcə müəllimin öz savadında yox, həm də şagirdlərin uğurunda nəzərə alınmalıdır. Belə olduqda digər müəllim də daha çalışqan olmağa, öyrətməyə daha çox səy göstərəcək”.

Təhsilin ümumi problerindən geniş danışan müəllim təhsil sənədlərinin elektronlaşması məsələsinə də toxunub:

“Hazırda müəllimlər kağızlardan həddən artıq istifadəyə məcbur edilirlər.  Jurnalların, digər sənədlərin  elektronlaşması çox vacibdir. Elektron mərkəz olduqda müəllimlərin də fəaliyyətlərini izləyə bilərlər. Müəllimlər də onlara sərf etdiyi vaxtı şagirdlərə və daha səmərəli işlərə sərf edərlər”.

Günay Şahmarqızı

3