Ərdoğan Bakı ilə məsləhətləşdi, Makronun Türkiyəyə keçid təklifini qəbul etmədi

SİYASƏT
17:17 / 06.05.2026
41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" teleqram kanalı yazıb.

Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı.

Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

"Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa Prezidentinin artıq 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misilsiz nümunəsi ola bilərdi.

Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı", - deyə nəşr "Le Journal du Dimanche" qəzetinin "Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir" adlı məqaləsini də misal gətirərək yazıb.

Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bildirib ki, "İrəvanda özünü evindəki kimi hiss edir". Eyni zamanda, Ermənistan-Türkiyə normallaşması başladıqdan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər edərkən o, "Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub". Azərbaycan KİV-ləri qeyd edir ki, onun ritorikası Türkiyə hakimiyyətinin rəsmi xətti ilə ziddiyyət təşkil edir və milli maraqlardan uzaqlaşma kimi qəbul edilə bilər.

0