Dünya neft ehtiyatları rekord sürətlə azalır: "Dönüş nöqtəsi" baş verə bilər

DÜNYA
15:25 / 06.05.2026
56

Dünya neft ehtiyatları aprel ayında Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi fonunda rekord dərəcədə azalıb. Bu vəziyyət tədarükdə fasilə riskini artırır və turizm mövsümü öncəsi qiymətlərin yenidən kəskin yüksəlməsinə səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.

“S&P Global Energy”nin qiymətləndirməsinə görə, qlobal xam neft ehtiyatları təxminən 200 milyon barel azalıb ki, bu da gündəlik təxminən 6,6 milyon barel itkisinə bərabərdir.

Bu azalma, yüksək qiymətlər səbəbindən tələbin artıq təxminən 5 milyon barel/gün azalmasına baxmayaraq baş verib. Bu, COVID-19 pandemiyası dövrü istisna olmaqla ən böyük eniş kimi qiymətləndirilir.

“S&P”nin neft bazarı araşdırmaları üzrə rəhbəri Cim Berkqard bildirib ki, bu dəyişikliklər adi aylıq dalğalanmalardan qat-qat böyükdür: “Normalda bu göstərici bir neçə yüz min və ya maksimum bir milyon barel olur”.

Ümumilikdə Yaxın Şərqdəki gərginlik nəticəsində neft bazarında təxminən 1 milyard barel həcmində itki qeydə alınıb. Tələb azalsa da, təklif daha sürətlə azalır ki, bu da qiymətlərin artımını davam etdirə bilər.

Fevralın sonundan bəri neft qiymətləri xeyli yüksəlib. İran və ABŞ arasında Ormuz boğazında hərəkətə məhdudiyyətlər tətbiq olunub. Bundan əlavə, regionda enerji infrastrukturlarına zərbələr tədarük sabitliyini daha da pozub.

Treyderlər xəbərdarlıq edirlər ki, qlobal ehtiyatlar kritik həddən aşağı düşərsə, kəskin qiymət sıçrayışı baş verə bilər. Bəzi analitiklər bu “dönüş nöqtəsinin” yaxın həftələrdə yarana biləcəyini düşünür.

“Brent” markalı neft çərşənbə axşamı təxminən 4 faiz ucuzlaşaraq bir barel üçün 110 dollara yaxınlaşıb. Bu, İran və ABŞ arasında atəşkəsin uzadılmasından sonra baş verib.

“S&P Global Energy”nin hesablamalarına əsasən, ümumi qlobal neft ehtiyatları həm dövlət, həm də şirkət anbarları və dəniz tankerlərində saxlanılan həcmləri əhatə edir. ABŞ-ın strateji neft ehtiyatlarından əvvəlki illərdə çıxarılan həcm də ümumi azalmanı artırıb.

Rəqəmlərə görə, dünyada təxminən 4 milyard barel neft ehtiyatı mövcuddur, lakin bunun böyük hissəsi gündəlik enerji sisteminin işləməsi üçün aktiv dövriyyədədir.

“Goldman Sachs”ın məlumatına görə, hazırda dünyada cəmi 45 günlük yanacaq ehtiyatı qalıb. Ən kəskin azalma Asiya və Afrikada müşahidə olunur.

Şimali Avropada aviasiya yanacağı ehtiyatları son altı ilin ən aşağı səviyyəsinə düşüb. ABŞ-da isə yay mövsümündə benzinin tarixi minimuma enməsi gözlənilir.

Mütəxəssislər bildirirlər ki, ABŞ-da ehtiyatların kəskin azalması qlobal bazarda panika yarada bilər və böhranın ən kritik mərhələsi hələ qarşıdadır.

Samir

0