Sahibkar direktordan şikayətçidir - Prezidentə müraciət

ÖLKƏ
14:20 / 22.10.2021
1511

Sahibkar Novruz Gülməmmədov Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edib. O, müraciətin bir surətini də Qaynarinfo-ya göndərib.

Sahibkar yazır ki, Ağsu və İsmayıllı rayonlarının sərhədində yerləşən, “Basqalaltı” adlanan ərazidə “Şölətoğlu” İstirahət Mərkəzi açıb. Müxtəlif vaxtlarda yerli orqanlar onun fəaliyyətinə maneələr yaratmağa cəhd ediblər: 

“Belə maneələrin birini də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xitmətinin Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin  rəhbərliyi yaradır. İstirahət Mərkəzinin müəyyən bir qismi Meşə fondunun ərazisinə düşür. Həmin ərazi üzrə müqaviləm var. Amma Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov vaxtı bitmiş müqaviləni yeniləmək istəmir. Müqavilə əvəzinə onunla qeyri-rəsmi analşmamı tələb edir. Mən vergi ödəyicisiyəm. Həmin obyektdən bir neçə ailə evinə çörəkpulu aparır. Obyektin bağlanmaması xatirinə Əfqan Qəribova bir neçə dəfə onun tələb etdiyi məbləği verməyə məcbur olmuşam. Bir dəfə Xanmusa adlı meşəbəyi vasitəsi ilə 1000 manat, bir dəfə də Sabir adlı meşəbəyi vasitəsi ilə 600 manat Əfqan Qəribova pul vermişəm. Növbəti dəfə məndən 500 manat tələb edəndə qanuni şəkildə müqavilə ilə dövlətə rüsum ödəyəcəyimi bildirdimşəm. O, isə “dövlət elə mənəm, sən məni deyəsən yaxşı tanımırsan” deyərək hədələdi. 

Bu yaxınlarda mənə Əfqan Qəribovun imzası ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzindən məktub gəlib. Guya mən İstirahət Mərkəzi ərazisində ağacları kəsmişəm və ona görə cərimə olunmuşam. Halbuki həmin ərazidə 18 000 ədəd gül kolları və ağac bitkisi əkmişəm. Əfqan Qəribovun meşələrə necə divan tutması, meşə zolaqlarında narkotik bitkilərin becərilməsinə necə şərait yaratması barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin faktların biri 2020-ci ilin may ayında aşkarlanmışdı. O zaman Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində meşə zolağında Zərdab rayon sakini Qazıyev Zaur Faiq oğlu və İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlunun 2457 ədəd narkotik bitki olan çətənə kolu və 6 kiloqram qurudulmuş marixuana ilə tutulmaları barədə rəsmi açıqlama verdi. Həmin meşə zolağının meşəbəyisi Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribovun doğma qardaşı Rövşən Qəribov idi. Bu azmış kimi Əfqan Qəribov köhnə tarixə, yəni mart ayında qardaşının işdən çıxması barədə əmr verib. Amma indi hər şey elektron sistem olduğu üçün nazirliyin bütün sənədlərində həmin dövrdə Rövşən Qəribovun işlədiyi barədə, onun əmək haqqı alması haqda sübutlar var.  Bu işlərdə Əfqan Qəribovun arxalandığı şəxs də onun əmisi Cabbar Qəribovdur. Sonuncu şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühüm post tutur. Bundan əlavə onun himayəçisi kimi nazirlikdə yüksək vəzifə tutan tələbə yoldaşının olduğu bildirilir”.

Novruz Gülməmmədov müraciətdə qeyd etdiyi faktların araşdırılması üçün xüsusi komissiya yaradılmasını xahiş edir: “Eyni zamanda bu işi tam nəzarətinizdə saxlamağı sizdən xahiş edirəm. Əfqan Qəribovun özü dediyi kimi "əli çox uzundur". Məndə olan məlumata görə qardaşını o narkotik qalmaqalından uzaq saxlamaq bir yana, həmin işin ort-basdır edilməsinə də nail olub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Qaynarinfo-ya bildirib ki, Novruz Gülməmmədovun şikayəti araşdırılır: “Bununla bağlı vətəndaşdan xahiş olunur ki, əlində olan sübutları həm Dövlət Ekoloji Təhülksəizlik Xidmətinə, həm də hüquq-mühafizə orqanlarına təqdim etsin. Lakin sübutlar təqdim olunsa da, olunmasa da, tərəfimizdən vətəndaşın yazılı məlumatı əsasında araşdırma aparılacaq və nəticəsi barədə məlumat təqdim olunacaq”.

0