Sehrli səltənətin sahibəsi

ÖLKƏ
21:50 / 29.10.2026
206

Bütün ömrünü kitaba, kitabxanaya həsr etmiş Gülnigar Qurbanqızının 70 illik yubileyi münasibətilə təbrik yazısı...

"Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Ulu Öndər Heydər Əliyev

 
Bu kiçik yazımın qəhrəmanını təxminən 40-42 il öncə tanımışam – həmin vaxt mənim 14-15, onun isə 28-29 yaşı vardı. Doğulub böyüdüyüm Muğanlı kəndində, oxuduğum orta məktəbdə kitabxana olsa da, Zaqatala rayon Mərkəzi Kitabxana Sistemi zəngin fondu, xüsusən də nəfis rus və dünya ədəbiyyatı nümunələri, dövri mətbuatın – qəzet və jurnalların cildlənmiş sayları, eləcə də rəngarəng tədbirləri ilə bizi daim özünə çəkirdi.
 
Mədəniyyət ocağında tez-tez tarixi-əlamətdar günlərin qeydi, kitab müzakirələri, tanınmış yazarların yubileyləri, digər maraqlı görüşlər keçirilirdi. Əvvəl rayonun “Qırmızı Bayraq” qəzetinin ştatdankənar müxbiri, “Qönçə” Ədəbi Birliyinin təmsilçisi, BDU Jurnalistika fakültəsinin tələbəsi, sonralar isə müxtəlif media qurumlarının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi belə toplantılara mütəmadi dəvət alır, çıxışlar edir, iştirakçıların suallarını cavablandırırdım. 
Beş-altı kitab oxuyub, mətbuatda kiçik cızma-qaralarım işıq üzü görsə də, olduğumdan daha artıq dəyərləndirilməyim, məhdud savadıma, yaradıcılığıma yüksək qiymət verilməsi ən azı özümə aydın idi. Əlbəttə, bütün bu stimul, yolaçıqlığı, yaşıl işıq bir yeniyetməni, gənci ədəbiyyatı dərindən öyrənməyə, yaxşı yazmağa həvəsləndirmək, gələcək imtahanlara hazırlamaq, təkmilləşdirmək məqsədi daşıyırdı.
 
Yalnız mənə deyil, rayonun digər az-çox işıqlı, istedadlı övladları üçün də yaradılan belə münbit şərait kitabxana rəhbərliyinin mənəvi dəstəyi sayəsində reallaşırdı. Həmin dövrdə Zaqatala MKS-nin direktoru gözəl insan, əsl ziyalı, bacarıqlı mütəxəssis, xanım-xatın qadın, təmiz qəlbinə zərrə qədər də paxıllıq və başqa neqativ hisslər yol tapmayan Gülnigar Məmmədova idi. Biz onun qayğısını həmişə hiss edirdik.
 
Bu günlərdə sosial şəbəkələrdə YAP rayon təşkilatının qədirdanlığı və diqqəti ilə Gülnigar xanımın 70 illik yubiley qutlamalarını görəndə sevinməklə yanaşı, heyrətləndim də... İlahi, illər necə də tez keçib getdi, yuxarıda sadaladıqlarım sanki dünən, srağagün idi... 
 
Bir də ki, Mirzə İbrahimovun “Gələcək gün”, “Böyük dayaq”, Süleyman Rəhimovun “Şamo”, ”Saçlı”, Xalidə Hasilovanın "Atlas yarpaqlar", “Nəğməli könül”, Salam Qədirzadənin “Sevdasız aylar” ”46 bənövşə”, Ələviyyə Babayevanın “Tək ağac”, “Hörüklər”, “Adamlar və talelər”, İsmayıl Şıxlının “Dəli Kür”, Vidadi Babanlının “Vicdan susanda”, ”Əlibala Hacızadənin “Təyyarə kölgəsi”, “Vəfalım mənim” əsərləri, məşhur trilogiyası, Məmməd Araz, Əli Kərim, Ramiz Rövşənin poeziyası, Çexovun, Qoqolun, Turgyenevin, Şoloxovun povest və hekayələri, Çingiz Aytmatovun “Nayman ana”sı, Ekzüperinin balaca şahzadəsi, Hüqonun Qavroş və Kozettası, Mayn Rid və Heminqueyin təbiət təsvirləri, Folknerin modernizmi, Ekonun postmodernizmi, Markesin magik realizminin cazibəsində olan şəxsin ruhu həmişə cavan qalmalıdır, qalıb da...
 
Məmmədova Gülnigar Qurban qızı 1956-cı il sentyabrın 22-də Zaqatala rayonunun Qandax kəndində dünyaya göz açıb. Qandax kənd orta məktəbindən sonra, Bakı Dövlət Universitetində təhsil alıb. Bir müddət “Maarif” nəşriyyatında çalışıb. 1984-1987-ci illərdə Zaqatala rayon MKS-də direktor müavini, 1987-2021-ci illərdə isə direktor vəzifəsində işləyib.
Qırx ildən çox belə bir ziqiymət xəzinənin, əvəzsiz mənbələrin içərisində fəaliyyət göstərən şəxsin qələmə sarılması, oxuduqlarını, gördüklərini, eşitdiklərini təhlili təfəkkürünün, yaradıcı təxəyyülünün süzgəcindən keçirib ağ səhifələrdə cücərtməsi, gələcək nəsillərə yadigar qoyması da təbiidir. Gülnigar Qurbanqızı 7 kitab müəllifidir: “80 il xalqın xidmətində” işlədiyi, 1923-cü ildə yaradılmış kitabxana sistemini, “Mənim yurdum, məkanım”da doğulub böyüdüyü Qandax kəndinin sadə, ziyalı, zəhmətkeş adamlarını, “Zaqatala Böyük Vətən Müharibəsində” ön və arxa cəbhələrdə qələbəyə töhfə verən igid həmyerlilərini, “Vətən fədailəri 1” və “Vətən fədailəri 2”də rayonun şəhid övladlarını, “Yaradan və yarıdan insan”da istedadlı rejissor, Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun teatr fəaliyyəti, “Auditoriyadan səngərə” UNEC-in Zaqatala filialının şəhid və qazi tələbələrinin qəhrəmanlıqlarını vəsf edir. 
 
“Respublika”, “Paralel”, “Bütöv Azərbaycan”, “Zaqatala” qəzetlərində, “Mədəni-maarif” jurnalında dərc olunan “Poeziyamızın vətənpərvər şairi Məmməd Araz”, “Müəllim ömrünün işığı”, “Tarixçi alim və onun keçdiyi ömür döngələri”, “Siz xoşbəxt yaşayacaqsınız”, “Seçici sözü”, “Kitabxana və bazar iqtisadiyyatı” və sair məqalələri oxucular tərəfindən maraqla qarşılanıb. 
 
Ümumi şəkildə desək, G.Qurbanqızının dəyərli qələminin böyüklü-kiçikli bütün məhsulları (hansı ki, nəşri və oxuculara çatdırılması üçün şəxsi maliyyəsini xərcləyib) ölkənin və bölgənin keşməkeşli tarixi, əsrarəngiz təbiəti, tanınmış şəxsiyyətləri, şəhid və qaziləri haqqında mötəbər məlumat mənbələridir.
 
Bizim gəncliyimizdə hamı kitab oxuyurdu və bu mədəniyyət müəssisənin peşəkar kitabxanaçı-biblioqraflarının işə necə can yandırdıqları, kitab xəzinəsini göz bəbəkləri kimi qoruyub saxlamaları, köhnə nəşrlərin ömrünə ömür calamaları, oxuculara qarşı diqqətli və tələbkar münasibətlərinə şahid idik. 
Haqqında söhbət açdığım ziyalı, peçəkar direktorun da savadlı, təcrübəli, mehriban və qayğıkeş komandası vardı - Nüşabə Əfəndiyeva, Məlahət Həmzəyeva, Gülmə Balaxlinskaya, Məmləkət Ömərova, Günəş Qafarova, Nəzmiyyət Məmmədova və başqalarını həmişə xüsusi hörmətlə xatırlayıram.
 
Gülnigar xanımın xarakterindəki insani məziyyətlərin əksəriyyəti keçdiyi kamilləşmə yolunda qazanılsa da, bəziləri mütləq şəkildə genlərlə gəlib. O, köklü, əsil-nəcabətli, zəhmətkeş bir ailədə dünyaya göz açıb, tərbiyə alıb. 
 
Atası – adaşım Qurban dayı həqiqi ağsaqqal, təsərrüfat qabaqcılı idi, uzun illər Qandaxda yerləşən “Ukrayna” kolxozunda sədr müavini, sədr vəzifələrində çalışıb. Qardaşı Rəfail müəllim iş adamı, xeyriyyəçi idi; kəndin mərkəzində tikdirdiyi “Qələbə” bulağından qandaxlılar susuzluqlarını sirab edib, ölməz şəhidlərimizi anırlar. Allah hər ikisinə qəriqi-rəhmət eləsin.
 
Gülnigar xanım özü də gözəl külfət sahibi, nurani nənədir; həyat yoldaşı dünyasını vaxtsız dəyişdiyindən uzun müddət ailənin yükünü tək çəkib, oğlu İslamı, qızı Leylanı milli-mənəvi dəyərlərə layiq böyüdüb.
 
Təcrübəli kitabxanaçı, tələbkar, məsuliyyətli rəhbər olmaqla yanaşı, bu sahəyə aid məqalə, elmi-praktiki tövsiyələr, metodiki vəsaitlər də yazan mütəxəssis dəfələrlə Mədəniyyət Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Fəxri fərmanları ilə təltiflənsə də, elə bilirəm ki, hələlik müvafiq qurumlar tərəfindən layiqli qiymətini almayıb, o ən azı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməli idi. Amma belə təfərrüatlardan qətiyyən incimir və ruhdan düşmür, çünki gözəl insan, xoşbəxt ana ali məqamını, xalqın hörməti mükafatını çoxdan qazanıb.
 
“Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hisslərin, hadisələrin rəngarəng və coşğun qovuşuğunu anlamaqda sizə dostcasına kömək edəcək, insana və özünüzə hörmət bəsləməyi öyrədəcək, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq” – belə deyirdi Maksim Qorki. 
 
Biz də dahi rus yazıçısının tövsiyəsindən nəticə çıxarıb oxuduq – ömür yolumuz hamarlaşdı? Qarışıq proseslərin gedişi və sürpriz nəticələrindən baş çıxardıq? İnsanları və özümüzü dəyərləndirdik? Qəlbimiz kainata, bəşərə məhəbbətlə dolub-daşdı? Birmənalı cavabda çətinlik çəkirəm, bunu başqaları müəyyənləşdirə, qiymətləndirə bilər. Amma bir məsələ dəqiqdir ki, kitab bizə çoxlu dostlar qazandırdı – həm real həyatdan, həm də səhifələrindən...
 
Məmmədova Gülnigar Qurban qızı da 70 illik ömrün enişli-yoxuşlu dolaylarında görüb-götürdüklərindən öyrəndiyi örnəklər, zamanın dərsləri, taleyin sınaqları ilə püxtələşən, həyatdan, kitablardan, müdriklərdən əxz elədiyi pozitivləri, müsbətləri yaşam, düşüncə, davranış tərzinə köçürən həmin böyük və unudulmaz dostlardandır. 
Bu sətirlərin müəllifi isə taleyüklü məsələdə “əməlli-başlı işə düşüb” ki, o zaman “yaşım az olduğuna görə” məni Uşaq kitabxanasına yönəltdilər və 30 ilə yaxındır, yalnız və yalnız bir “böyük” və üç “uşağın kitabı”nı oxumaqla məşğulam... (Əlbəttə, sonuncu cümlə ümumi kitabxana sistemi ilə xəfif, ehtiyatlı zarafatımdır və elə düşünürəm ki, evdə də başıma hər hansı problem açmaz!..)
 
Məqaləmə epiqraf kimi Ulu Öndər Heydər Əliyevin dəyərli kəlamını seçdim. Kitaba, oxumağa, öyrənməyə həmişə böyük önəm verən Ümummilli Liderimiz buyururdu ki, kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir, burada tariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır. 
Ömrünün ən məhsuldar çağlarını belə müqəddəs məkanda xidmətə həsr edən və sayəsində minlərlə ziyalıya kitabların nuru, işığı, mayakı ilə yol göstərən Gülnigar xanım haqqında da çox danışmaq, yazmaq olar və hər cür təriflərə, məqamlara xoş sözlərə layiqdir. 
 
Bizdən ötrü əziz, doğma insana yüksəldiyi 70-ci zirvə münasibətilə ən xoş arzularımı yetirir, övladları, nəvələri, nəticələri, digər yaxınları ilə birgə belə gözəl, sağlam, gümrah daha böyük yubileylərini – 80, 90, 100 yaşını qeyd etməyi diləyirəm!
 
 
Qurban Cəbrayıl
“Şərq-Qərb” nəşriyyatı Elm və mədəniyyət şöbəsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
 
0