ÖLKƏ
16:33 / 28.10.2021
343

DİN qazilərin polis şöbəsinə çağırılmasının səbəbini AÇIQLADI

“Bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət olunub”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub:

“Onlar zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli yerdə yerləşməsini bilərəkdən işi mahiyyətindən yayındıraraq polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən həmin qazilərin söylədiklərinin hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü” deyə səsləndirilməsi ağır ittihamdır.

Deyilənləri, yazılanları ürək ağrısı ilə qaşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblər”.

“Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xətlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir”, - deyə DİN rəsmisi vurğulayıb.

0