Bu gündən Məhərrəm ayı başlayır və bu ay İslam tarixində baş verən mühüm hadisələrlə xüsusi yer tutur.
Məhərrəmlik dövrü adətən ictimai müzakirələrdə həssas mövzulardan biri kimi gündəmə gəlir və xüsusilə toy və şənliklərin keçirilib-keçirilməməsi daha çox soruşulur. Bu günlərdə ən çox müzakirə edilən suallardan biri də Məhərrəm ayında toy mərasiminin keçirilməsinin dini baxımdan düzgün olub-olmamasıdır.
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam dininin bütün prinsiplərinə görə Məhərrəm ayında toy, şənlik, şadlıq, nikah mərasimi etməyin heç bir qəbahəti yoxdur:
“Çünki İslam dinində matəm yoxdur. Matəm Allaha üsyan, axirəti inkardır. Məhərrəm ayının matəm elan edilməsi Sasani qalıqlarından ibarət Büveyhilərin hakimiyyəti dövründə meydana çıxıb siyasi məqsədlərə xidmət edir. Heç bir peyğəmbərin doğum və vəfat tarixi qeyd edilməyib, buna heç bir göstəriş də yoxdur. Əksinə, dinə yenilik gətirmək, bidət qoşmaq, xurafat əlavə etmək haramdır. İmam Hüseyn məhv olmayıb, şəhid olub və Cənnətə gedib.
Min dörd yüz il ağlayaq ki, niyə cənnətə gedib? Bu tamamilə İslam məntiqinə ziddir. Qurana müxalifdir. Tarixən Azərbaycanda belə adətlər olmayıb. Təəssüf ki, Səfəvilərin fars ideoloqları bu xurafatları xalqımız arasına daxil etdilər. İmam Hüseyni çağırıb sonra da xəyanət edərək ölümə verən İraq əhli o zaman sonra peşman olaraq qəbrin üstündə toplaşıb 40 gün ağladılar, başlarına döyüb ağı dedilər ki, bəlkə Allah onların xəyanətini bağışlaya”.

Ekspert qeyd edib ki, Məhərrəm ayında matəm, özünü döymək buradan qalıb:
“Amma Azərbaycan xalqı İmam Hüseynin ölümündə günahkar deyil. Farslar və ərəblər bu cinayəti törədib, qoy onlar başına döyürsə döysün. İslamda ölünü, şəhidi yad etmək ənənəsi var. Yas cəmi üç gündür. O da vəfat etdiyi zaman. 44 günlük Qarabağ savaşında 3 minə yaxın şəhid verdik. Onda onlara niyə hər il 40 gün matəm elan etmirik? Çünki İslamın qaydası, dinin ənənəsi var. Bir neçə gün xatirələrini yad edirik, ziyarətlərində oluruq, dualar edirik, amma daima xatırlayırıq”.
İlahiyyatçı əlavə edib ki, Məhərrəm ayında da şəhid olan Kərbəla əhlini daima yad etmək, dua oxumaq lazımdır, lakin matəm, ağlaşma, mərsiyyə məclisi təşkil etmək, şənliyi, toyu, çimməyi, sabun işlətməyi, saç boyamağı qadağan ütmək əsla İslama uyğun deyil:
“Sadəcə bu ayı matəm saxlayanlara ehtiram olaraq yaxşı olar ki, Aşura günü musiqili şənliklərdən çəkinsinlər. Çünki əgər bu matəm təşkil olunursa bir tərəfdə yas digər tərəfdə toy olmaz. İmam Hüseynin ruhunun ən çox incidildiyi ay Məhərrəm ayıdır. Həzrət Muhəmməddən hədislər var ki, ölü, ona ağlayanlar susana qədər narahat olur. Məhərrəm ayının matəm, yas ayı olmamasını cəmiyyət bilməlidir”.
Günel Cəlilova


