Ötən gecə Dünya Çempionatında çox maraqlı oyunlar oynanılıb.
Hit.az bildirir ki, əsas gözlənilən matçlardan biri Fransa ilə Seneqal arasındakı qarşılaşma olub.
Mbappe 2 qol vurdu
Bu matçda 2 qol vuran Kilian Mbappe tarixə düşüb. O, ümumilikdə millidə vurduğu qolların sayını 58-ə çatdıraraq Fransa tarixinin bombardiri olub. Həmin matçda Fransa 53-47 faizlə topla oynama nisbətində rəqibini qabaqlayıb. Bundan başqa, fransızlar 11, seneqallılar isə 6 dəfə rəqib qapısına zərbə endirib. Dəqiq pas ötürmələrində də avropalılar öndə olub: 575-502.
Haalandan da 2 qol
Daha sonra Norveç İraqla qarşılaşıb. Erlinq Haalandın 2 qol vurduğu matçda Norveç rəqibini 4-1 hesabı ilə məğlub edib. Bu, onun Dünya Çempionatıda ilk matçı olub. Üstəlik, Haaland ilk oyununda 2 qol vuraraq “Maçtın oyunçusu” seçilib. Oyunun statistikalarında isə Norveç həm topla oynama, həm dəqiq pas ötürmələri, həm də qapıya vurulan zərbələrdə rəqibini qabaqlayıb.
Messi 3 qolla yeni rekord qırdı
Bu matçların ardından isə Argentina Əlcəzairlə qarşılaşıb. Son dünya çempionu rəqibini 3-0 hesabı ilə məğlub edib. Sözügedən matç Leo Messi üçün məhsuldar olub. Kapitan 4 qol vursa da, biri oyundan kənar vəziyyət səbəbilə sayılmayıb. O, 38 yaş 358 günlüklə mundialda het-trik edən ən yaxşı futbolçu ünvanına yiyələnib.
Ulduz futbolçu oyunun ən yaxşısı da seçilib. Messi eyni zamanda turnirdə vurduğu qolların sayını 16-ya çatdıraraq Dünya çempionatları tarixinin bombardiri Miroslav Klozeyə də çatıb. Argentinalı ulduz 1 qol daha atacağı təqdirdə, bu rekordun da sahibi olacaq.
Nə qədər qəribə olsa da, topla oynamada Əlcəzair 52-48 faiz nisbəti ilə öndə olub. Onlar, dəqiq pas ötürmələrində də 609-561 statistikası ilə argentinalıları qabaqlayıblar.
Sıra Ronaldodadır
Beləliklə, dünən gecə baş tutan matçlarda Mbappe və Halland 2, Messi isə 3 qol vurmağı bacarıb. Bu axşam isə Portuqaliya ilə Konqo ilə qarşılaşacaq. Portuqaliyanın kapitanı Kriştiano Ronaldonun ötən axşam matçlara damğa vuran Messi, Mbappe və Haalanda necə cavab verəcəyi maraqla gözlənilir. Çünki adıçəkilən futbolçular arasında həm çempionluq, həm də bombardirlik uğrundan mübarizə gedir.
Elmir Mustafa

