Yüksək arterial təzyiq ürəyin daha intensiv işləməsinə səbəb olur və damarlar üzərində əlavə yük yaradır. Nəticədə damarlar zamanla sərtləşə və elastikliyini itirə bilər. Nəzarət olunmadıqda bu vəziyyət ürək xəstəlikləri, insult və digər ürək-damar ağırlaşmaları riskini artırır. Mütəxəssislərə görə, həyat tərzi, xüsusilə də qida və içkilər təzyiqin idarə olunmasında mühüm rol oynayır.
HİT.az xəbər verir ki, bu barədə "EatingWell" yazıb.
Diyetoloq Dani Lebovitsin sözlərinə görə, qida və içkilər orqanizmdə maye balansına, natrium və kalium kimi mineralların nisbətinə, damarların fəaliyyətinə və ümumi iltihab proseslərinə təsir göstərir.
Yaşıl çay tez-tez təzyiqin normallaşdırılmasına kömək edən içki kimi qeyd olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu, yeganə faydalı içki deyil və bəzi içkilər hətta daha güclü təsir göstərə bilər.
1. Gavalı şirəsi
Gavalı şirəsi ürək sağlamlığı ilə əlaqəli antioksidantlar, kalium və liflə zəngindir. Bir stəkan gavalı şirəsində təxminən 2,5 qram lif və 707 milliqram kalium olur ki, bu da qadınlar üçün gündəlik kalium normasının təxminən 27 faizini təşkil edir. Tədqiqatlara görə, yüksək lif qəbulu arterial təzyiq göstəricilərinin yaxşılaşmasına kömək edə bilər.
2. Hibiskus çayı
Hibiskus çayı isti və ya soyuq şəkildə içilə bilən bitki mənşəli içkidir. Tərkibindəki polifenollar qan damarlarının rahatlamasına kömək edir və təzyiqin azalmasına təsir göstərə bilər. Elmi araşdırmalara əsasən, hibiskus həm də təzyiqin tənzimlənməsində iştirak edən fermentlərin fəaliyyətini zəiflədə bilər. Mütəxəssislər çayın 5–10 dəqiqə dəmlənməsini tövsiyə edirlər.
3. Nar şirəsi
Nar antioksidantlarla, xüsusilə punikalagin və antosianlarla zəngindir. Bu maddələr damar elastikliyini qorumağa və təzyiqi tənzimləyən fermentlərin fəaliyyətini azaltmağa kömək edir. Tədqiqat icmalları göstərir ki, müntəzəm nar şirəsi qəbulu həm sistolik, həm də diastolik təzyiqin azalması ilə əlaqələndirilir. Mütəxəssislər 100 faiz təbii, şəkərsiz nar şirəsini seçməyi və lazım olduqda su ilə seyreltməyi tövsiyə edirlər.
4. Çuğundur şirəsi
Çuğundur orqanizmdə azot oksidinə çevrilən nitratlarla zəngindir. Bu maddə damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Araşdırmalar göstərir ki, gündə 75–240 ml çuğundur şirəsi hipertoniya olan insanlarda sistolik təzyiqi azalda bilər. Daha yaxşı effekt üçün təmiz çuğundur şirəsi seçilməsi tövsiyə olunur.
5. Portağal şirəsi
Portağal tərkibində olan hesperidin flavonoidi sayəsində antioksidant və iltihabəleyhinə təsir göstərir. Tədqiqatlara görə, gündə 500 ml hesperidinlə zənginləşdirilmiş portağal şirəsi prehipertoniya və I dərəcəli hipertoniya olan insanlarda təzyiqin azalması ilə əlaqələndirilir. Müntəzəm istifadə zamanı təsir daha da güclənə bilər.
Təzyiqin idarə olunması üçün digər tövsiyələr
İçkilər sağlam həyat tərzinin yalnız bir hissəsidir. Ən yaxşı nəticə digər vərdişlərlə birlikdə əldə olunur.
1. Həkimlə məsləhətləşin
Təzyiq genetik faktorlar, stress, yuxu və bədən tərkibi kimi amillərdən asılıdır. Buna görə kardioloq və dietoloqla məsləhətləşmək vacibdir.
2. Fiziki aktiv olun
Gündəlik gəzinti, üzgüçülük və ya velosiped sürmək ürək əzələsini gücləndirir və qan dövranını yaxşılaşdırır.
3. Stressi idarə edin
Meditasiya, nəfəs məşqləri və digər relaksasiya üsulları təzyiqin azalmasına kömək edə bilər.
4. Natriumu azaldın, kaliumu artırın
Tərəvəz, meyvə və paxlalılar kaliumla zəngindir. Hazır qidalarda isə natrium çox olur, buna görə evdə hazırlanmış qidalara üstünlük verilməsi tövsiyə edilir.
Samir


